Millət vəkili Səyyad Aran bir müddət əvvəl ictimiyyətə irad tutaraq deyirdi ki, “sizlər də zəhmət çəkib, yaxşı oxuyardınız, yaxşı təhsil alardınız, savadlı olardınız, indi yüksək maaş alardınız, 400 manat almazdınız”.
Yəqin ki, nə Səyyad Aran özü, nə onun seçiciləri, nə də cəmiyyət bu sözlərinin həqiqiliyinə inanmır. Elə parlamentdə mətni üzündən oxuyanda səhvlərə yol verən deputatlarımız da az deyil. Başqa qurumlarda da belə. Elm və təhsil naziri Emin Əmrullayev isə deyir ki, vətəndaşlarımızın 60 %-i oxuduğu mətni dərk etmir. O, haqlıdır. Hər halda Elm və Təhsil Nazirliyində də belələri az deyil.
Tribuna.az xəbər verir ki, bu sözləri dosent İlham Əhmədov bildirib. O qeyd edib ki, 20 ildir ETN-ə dəstək məqasədi ilə təhsil islahatlarında edilən səhvləri təhlil edir, məqalələr yazırlar:
“Amma onlarda heç bir reaksiya yoxdur, təhsil də heç inkişaf etmir. Görünür, yazılan məqalənin mətninin anlanılması problemi təhsil menecerlərinin özlərinə də aiddir.
Bəzi müəllim həmkarlarım deyirlər ki, vaxtı ilə dərs dediyimiz siniflərdə və ya qruplarda ən zəif şagirdlər və tələbələrin arasında elələri var ki, bu gün yüksək postlardadırlar, hətta aralarında nazirlər də var.
DİM sədri M. Abbaszadə də dəfələrlə bildirib ki, ” … bizdə son 35 ilin qəbul imtahanlarının nəticələrindən ibarət data var. Biz bilirik ki, kim, nə vaxt, neçə balla, hansı ali məktəbə qəbul olub”.
Deməli, bu gün 25-50 yaş arasında olan millət vəkilləri, nazirlər, icra başçıları v.s. yüksək post tutan məmurların TQDK və DİM-də verdikləri imtahan balları bu datalarda var.
Müvafiq dövlət qurumlarının razılığı ilə bu gün parlamentdə və hökumətdə təmsil olunan 50 yaşa qədər olan məmurların qəbul imtahanlarında yığdığı balların ictimailəşdirilməsi çox maraqlı olardı. Millət vəkilinin sözünü cəmiyyət qəribçiliyə salmazdı, hamı bilərdi ki, yüksək postlarda yalnız savadlı kadrlar əyləşiblər. Məhz buna görə də Sayyad Aranın bu sözlərindən sonra məmurların maaşı 4 qat artdı.
Bu aşkarlıq həm də indiki gənclərin təhsilə, elmə, savada olan motivini yüksəldə bilərdi. İnsan kapitalına dəyər veririksə, bu məlumatlar şəffaf şəkildə ictimaiyyətə təqdim edilməlidir.
Burda məncə heç bir dövlət sirri də yoxdur.
Həm də hörmətli millət vəkilinin sözünə şübhə ilə baxanlar, onun həqiqəti söyləməsinə tam əmin olardılar”.
Nigar İxtiyarqızı









