Alimlər və həkimlər insan sağlamlığının yaşadığı mərtəbə ilə müəyyən qədər əlaqəli ola biləcəyini bildirirlər. Tribuna.az xəbər verir ki, aparılan müşahidələrə görə, həm aşağı, həm də yuxarı mərtəbələrin insan orqanizminə fərqli təsirləri var.
Mütəxəssislərin sözlərinə görə, ən rahat və təhlükəsiz yaşayış zonası əsasən 1-ci və 3-cü mərtəbələr arası hesab olunur. Araşdırmalarda qeyd edilir ki, insan psixoloji baxımdan yerə yaxın olduqda özünü daha komfortlu hiss edir, stress və narahatlıq səviyyəsi isə daha aşağı olur.
Həkimlərin fikrincə, birinci mərtəbədə yaşayan insanlar daha çox toz, küçə səs-küyü, qaz və rütubətə məruz qalırlar. Bu isə immunitetin zəifləməsinə və tənəffüs yolları xəstəliklərinin artmasına səbəb ola bilər. Eyni zamanda aşağı mərtəbələrdə gün işığının az olması və zəif havalandırma da problem yaradır.
Yuxarı mərtəbələrdə yaşayan insanlarda isə baş ağrısı, təşviş, təzyiq dəyişiklikləri və ürək ritmi pozuntularına daha çox rast gəlindiyi bildirilir. Bəzi mütəxəssislər bunu hündürlük, qapalı mühit, lift asılılığı və psixoloji faktorlarla əlaqələndirirlər.
Həkim Andrey Osipovun sözlərinə görə, mərtəbə yüksəldikcə beton konstruksiyalar, vibrasiyalar və elektromaqnit təsirləri də artır. Bu isə sinir sistemi və ürək-damar sisteminə əlavə təsir göstərə bilər.
Mütəxəssislər xüsusilə azyaşlı uşaqları olan ailələrə çox yüksək mərtəbələrdə yaşamamağı tövsiyə edirlər.
Bununla belə, alimlər vurğulayırlar ki, insan sağlamlığına ən böyük təsiri mərtəbədən daha çox həyat tərzi, ekologiya, yuxu keyfiyyəti, fiziki aktivlik və stress səviyyəsi göstərir.
İmran Kərimli









