Gündəlik 20 dəqiqəlik piyada gəzinti uzunömürlülük şansını artırır

Gündəlik 20 dəqiqəlik piyada gəzinti uzunömürlülük şansını artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fiziki aktivlik sağlamlıq üçün vacibdir və bu, hər zaman intensiv idman və ağır məşqlər demək deyil. Hətta gündəlik 20 dəqiqəlik piyada gəzinti belə sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Alimlər bildirirlər ki, müntəzəm piyada gəzintilər ürək-damar xəstəliklərinə qarşı mübarizə aparır, insanın ruh halını yaxşılaşdırır və hətta ömrü uzada bilər.

 Mütəxəssislərin sözlərinə görə, yerimək insan üçün ən təbii hərəkət formasıdır və bu fəaliyyət yalnız fiziki deyil, psixoloji baxımdan da mühüm üstünlüklər yaradır. Gündəlik gəzintilər stressin təsirlərini azaltmağa, depressiv hallara qarşı müqaviməti artırmağa və emosional sabitliyi qorumağa kömək edir.

Tribuna.az xəbər verir ki, ABŞ-ın Stanford University alimlərinin apardığı araşdırma göstərib ki, təbiətdə piyada gəzmək mənfi emosiyaların tənzimlənməsinə cavabdeh olan beyin nahiyələrinin aktivliyini azaldır. Nəticədə müntəzəm gəzən insanlar neqativ düşüncələrə və narahatlıqlara daha az meylli olur, müsbət fikirlərə daha yaxşı fokuslana bilirlər. Tədqiqatçılar qeyd edirlər ki, bu təsir xüsusilə açıq havada, təbii mühitdə və ya parkda gəzinti zamanı daha güclü hiss olunur.

Öz növbəsində, University of Cambridge alimləri hesab edirlər ki, müntəzəm piyada gəzintilər insan ömrünü uzada bilər. 300 min nəfərin 12 il ərzində izlənilməsi əsasında aparılan araşdırma göstərib ki, bu fəaliyyət ölüm riskini 20-30 faiz azaldır. Xüsusilə normal bədən çəkisinə malik insanlarda təsir daha qabarıq müşahidə olunub.

Ekspertlərin hesablamalarına görə, gündə cəmi 20 dəqiqə piyada gəzmək orta hesabla ömür müddətini təxminən 0,7 il artıra bilər.

Alimlər bu nəticəni piyada gəzintinin orqanizmə kompleks təsiri ilə izah edirlər. Belə ki, müntəzəm gəzintilər:

  • Stress hormonlarının artıq miqdarının parçalanmasına kömək edir;
  • Onların orqanizmdən xaric olunmasını sürətləndirir;
  • Arterial təzyiqi aşağı salır;
  • Oksigen qəbulunu artırır;
  • Qan dövranını yaxşılaşdırır;
  • Əhval-ruhiyyəni yüksəldir;
  • Xoşbəxtlik hormonlarının ifrazını stimullaşdırır.

Mütəxəssislər sağlam həyat tərzinin vacib elementi kimi hər gün ən azı 20 dəqiqə piyada gəzməyi tövsiyə edirlər.

İmran Kərimli