“Günah Elm və Təhsil Nazirliyindədir” – Dosentdən buraxılış imtahanına REAKSİYA

“Günah Elm və Təhsil Nazirliyindədir” – Dosentdən buraxılış imtahanına REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi sinxron işləməlidir, vahid təhsil siyasəti olmalıdır. Mən burada daha çox Elm və Təhsil Nazirliyində günah görürəm: dərsliklər bərbad, tədris prosesi məktəblərdə pozulub, repetitorluq kütləvilşib v.s. Məktəb öz funksionallığını itirib.

Tribuna.az xəbər verir ki, bu sözləri dosent İlham Əhmədov martın 9-da 11 illik orta təhsil səviyyəsi üçün keçirilən buraxılış imtahanı barədə danışarkən deyib. Dosent qeyd edib ki, belə narazılıqlar hər il olur, ancaq artıq vəziyyət ciddidir:

“Belə narazılıqlar hər il olur. Bu il isə daha çox narazılıq var. Eyni problemlər hər il təkrarlanır, hər dəfə də eyni problemlərdir. Burada əsas məsələ sualların asan ya çətin, proqrama uyğun ya proqramdan kənar olması deyil. Məncə, bu durum, daha ciddidir. Ptoblem ölkənin təhsil siyasətinin mükəmməl olmaması ilə əlaqədardır. İmtahan sualları ilə əlaqədar detalları fənn müəllimləri izah edə bilər, amma indi bu prinsipial məsələ deyil.
ETN və DİM sinxron işləməlidir, vahid təhsil siyasəti olmalıdır. Mən daha çox ETN-i günahkar görürəm: dərsliklər bərbad, tədris prosesi məktəblərdə pozulub, repetitorluq kütləviləşib v.s. Məktəb öz funksionallığını itirib.
Son 13 ildə qeyri peşəkar insanların təhsil sisteminə rəhbərliyi təhsili böhran halına gətirib. Hesab edirəm ki, DİM daha mütəşəkkil və peşəkar kadrlardan ibarətdir”.

İ.Əhmədov əlavə edib ki, təhsildə 1 il islahatın səhv aparılması, təhsili 5 il, ölkəni 10 il geri atır:

“Bizdə isə təhsil islahatları 20 ildir səhv yoldadır. Ən pisi isə budur ki, ETN təhsil ictimaiyyətini eşitmək istəmir, tənqidə, ictimai rəyə saymazlıq edir, intellektual müzakirədən qaçır.
ETN belə səriştəsiz və özündən çox razı fəaliyyəti ilə gənclərimizə, ölkənin gələcəyinə problemlər yaradacaq”.

Nigar İxtiyarqızı