“Ermənistanın cənubundan keçən yolla bağlı Azərbaycanla aramızda gərgin bir mərhələ olmuşdu. Lakin biz öz mövqeyimizi onlara açıq ifadə etdik. Etiraf etmək gərəksə, Azərbaycan kifayət qədər uyğun mövqe sərgilədi”.
Tribuna.az xəbər verir ki, bu sözləri İranın ali rəhbərinin hərbi müşaviri, general Yəhya Rəhim Səfəvi deyib.
O bildirib ki, Bakı ilə bu mövzuda yaxşı anlaşma əldə ediblər. “Azərbaycan eyni zamanda bizə bildirdi ki, İranın şimal sərhədlərində heç bir anti İran iddiaları mövcud deyil və İrana qarşı heç bir lahiyədə yer almayacaqlar. “Azərbaycan bu məsələdə geri çəkilib. Onlar Ermənistandan keçən yolun kimin nəzarətdə olmasından asılı olmayaraq Naxçıvana açılmasını istədiklərini bildirdilər”.
Səfəvi deyib ki, Ermənistan bu mövzuda daha radikal mövqe ortaya qoyub. “Birbaşa sərhədlərə ABŞ mühafizə xidməti adı ilə Amerika əsgərini gətirir. Ermənistan hər dəfə bizə “sizə qarşı heç bir layihədə iştirak etməyəcəyik”,- deyə bildirir. Amma addımlar bunun əksini göstərir. Xüsusilə dəhliz məntiqi ilə ərazilərin uzaq bir ölkəyə verilməsi yeni təhdid yaradır”.
İranlı general qeyd edib ki, bölgənin məsələsini region ölkələri qarşılıq maraqlar çərçivəsində həll etməlidir. “Region ölkələri ilə, o cümlədən Azərbaycanla münasibətlər düşmənçilik deyil, əməkdaşlıq və sabitlik üzərində qurulmalıdır. Azərbaycanla problemlərimizi müzakirə edərək həll edə bilərik və biz hazırda bunu həyata keçiririk”.
Fərda Uğur









