Gəncləri boğan “tüstüsüz” tütün – elektron siqaretlərin QARANLIQ TƏRƏFLƏRİ

Gəncləri boğan “tüstüsüz” tütün – elektron siqaretlərin QARANLIQ TƏRƏFLƏRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda elektron siqaretlərin qadağan olunması ilə bağlı təşəbbüs hələ müzakirə mərhələsində olsa da, məsələ artıq təkcə qanunvericilik müstəvisində deyil, ictimai müzakirələrdə də ciddi rezonans doğurur. Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişikliklər bu mövzunun nə qədər aktual olduğunu bir daha ortaya qoydu. Layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsi qadağan edilir. Bununla yanaşı, nikotin tərkibi olmayan elektron siqaretlərin reklamının da yasaqlanması nəzərdə tutulur.

Elektron siqaretlərin yaratdığı təhlükə ilə bağlı beynəlxalq statistikalar vəziyyətin ciddiliyini açıq şəkildə göstərir. Ümumdünya Səhiyyə Təşkilatının qlobal hesabatına görə, hazırda dünyada 100 milyondan çox insan elektron siqaretdən istifadə edir. Bu istifadəçilərin ən azı 15 milyonu 13–15 yaşlı yeniyetmələrdir. ÜST bildirir ki, sosial media və influenserlər vasitəsilə elektron siqaretlər ən azı 16 min fərqli dadlandırıcı ilə uşaqları və yeniyetmələri birbaşa hədəfə alır. Mövcud məlumatlar göstərir ki, yeniyetmələr arasında elektron siqaret istifadəsi yetkinlərlə müqayisədə təxminən 9 dəfə yüksəkdir. Bazarda satılan bir çox məhsulun üzərində cizgi filmi personajlarının təsvir edilməsi, parlaq və rəngarəng dizaynlar bu vasitələrin gənclər üçün daha cəlbedici görünməsinə xidmət edir.

Əvvəllər elektron siqaretlər ənənəvi tütünü tərgitmək üçün alternativ kimi təqdim edilsə də, reallıq fərqli mənzərə ortaya qoyur. Son illər bu məhsullar xüsusilə gənclər və qadınlar arasında sürətlə yayılıb. Meyvə və şirniyyat dadları, “tüstüsüz” istifadə illüziyası, aqressiv marketinq strategiyaları və sosial şəbəkələrdə geniş reklam elektron siqaretləri gənc nəslin gündəlik vərdişinə çevirib. Statistikalar isə göstərir ki, bu vasitələr artıq təkcə siqaret çəkənlərin deyil, əvvəllər ümumiyyətlə tütün məhsullarından istifadə etməyən yeniyetmə və gənclərin də diqqətini cəlb edir.

Elektron siqaretlərin tüstüsüz olması və xoş qoxulu aerozol yayması onların qapalı məkanlarda istifadəsini asanlaşdırır. Bu da ictimai nəqliyyatda, restoranlarda, kafelərdə və insanların sıx toplaşdığı digər yerlərdə passiv təsir riskini artırır. Bir çox istifadəçi bu vasitələrin zərərsiz olduğunu düşünsə də, mütəxəssislər bunun təhlükəli yanlış təsəvvür olduğunu bildirirlər.

Dünyanın bir sıra ölkələri artıq bu təhlükəni nəzərə alaraq sərt qərarlar qəbul edib. Braziliya elektron siqaret cihazlarını qadağan edən ilk ölkələrdən biri olub və bu qərar məhsulların zərərsizliyi ilə bağlı sübutların olmaması ilə əsaslandırılıb. Brunei Darussalam-da elektron siqaretlər tütün imitasiya məhsulları hesab edildiyi üçün tam qadağan edilib. Qazaxıstanda veyplərin yasaqlanmasına səbəb onların tərkibində nikotindən başqa minlərlə naməlum kimyəvi maddənin mövcudluğu ilə bağlıdır. Venesuelanın rəsmi səhiyyə qurumları qızdırılan tütün məhsullarında adi siqaret tüstüsündə rast gəlinməyən qlisidol, piridin, dimetiltrisulfid, asetoin və metilqlioksal kimi toksiki maddələrin yarandığını açıqlayıb. Rusiyada isə 2024-cü ilin martından aromatizatorlu elektron siqaretlərin satışı qadağan olunub və bu addım məhsulun cəlbediciliyini azaltmağa hesablanıb. Finlandiyada isə 18 yaşına çatmayanların olduğu qapalı məkanlarda və ictimai nəqliyyatda elektron siqaret istifadəsi yasaqlanıb, uşaqlar üçün cəlbedici aromatizatorlara qadağa qoyulub.

Azərbaycanda da mütəxəssislər bu istiqamətdə sərt addımların vacibliyini vurğulayırlar. Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirir ki, elektron siqaretlərin tərkibində adi siqaretlərdə olduğu qədər nikotin var və nikotin asılılığın əsasını təşkil edir. Onun sözlərinə görə, elektron siqaretlərdəki aromatik maddələr yanma zamanı kanserogenlər əmələ gətirir və bu məhsullar zərər baxımından adi siqaretdən geri qalmır. Professor hesab edir ki, təkcə qadağa problemi tam həll etmir, çünki insanlar artıq bu vərdişə alışıb. Onun fikrincə, əsas yol geniş maarifləndirmə və ictimai qınağın formalaşdırılmasıdır: “İnsanların toplu olduğu yerlərdə siqaret çəkmək qəti qadağan edilməlidir. Restoranlarda hər kəsin istədiyi kimi siqaret çəkməsi dünyanın heç bir yerində normal hal sayılmır”.

Həkim-onkoloq Fərid Müseyibov isə bildirir ki, elektron siqaretlərin tərkibində 4000-dən artıq zərərli maddə mövcuddur və bu maddələr ağız boşluğu, qida borusu, mədə və xüsusilə ağız-dil xərçənginin yaranmasında əsas risk faktorlarıdır. Onun sözlərinə görə, son illər elektron siqaret və veyp istifadəsi qadınlar arasında da sürətlə yayılır və bu, ciddi təhlükə yaradır. Veyplərin hormonal tarazlığı pozması qadınlarda süd vəzi və yumurtalıq xərçənginin, eləcə də ağız-dil xərçənginin həm daha sürətlə, həm də daha erkən yaşlarda yaranmasına səbəb olur. Mütəxəssis hesab edir ki, elektron siqaretlərin ölkəmizdə qadağan olunması düzgün və təqdirəlayiq addımdır.

Beləliklə, elektron siqaretlərlə bağlı müzakirələr təkcə hüquqi məsələ deyil, eyni zamanda ictimai sağlamlıq problemidir. Qadağanın qəbul edilib-edilməməsindən asılı olmayaraq, bu məhsulların gənc nəsil üçün yaratdığı təhlükə artıq göz önündədir. Qarşıdakı mərhələdə əsas sual qanunun qəbulundan daha çox onun icrası, nəzarət mexanizmləri və cəmiyyətdə sağlam həyat tərzinin təşviqi istiqamətində hansı real addımların atılacağıdır.

Musavat.com