“Fənərbaxça”da göstərdiyi performansla diqqət mərkəzinə düşən Marko Asensio La Liqa klublarının maraq dairəsinə düşüb.
Tribuna.az xəbər verir ki, ispaniyalı futbolçu üçün 25 milyon avroya qədər təklifin hazırlandığı bildirilir.
Superliqada 39 xalla lider “Qalatasaray”dan 3 xal geri qalaraq ikinci pillədə qərarlaşan “Fənərbaxça”da Marko Asensio son həftələrin ən çox danışılan futbolçularından biridir. İspaniyalı yarımmüdafiəçi göstərdiyi oyunla azarkeşlərin sevimlisinə çevrilib.
Kadıköydə “Matador” ləqəbi ilə tanınan Asensionun vurduğu hər qol stadionda “El Matador” mahnısının səsləndirilməsi ilə bayram havasında qeyd olunur. Keçmiş “Real Madrid” futbolçusunun yüksələn forması La Liqa klublarının da diqqətindən yayınmayıb.
“Vilyarreal” Asensionu istəyir
İspaniyanın Fichajes.com nəşrinin məlumatına görə, “Vilyarreal” mövsümün sonunda Marko Asensionu heyətinə qatmaq üçün “Fənərbaxça” ilə danışıqlara başlamağa hazırlaşır. Bildirilir ki, Asensio PSJ-dən ayrıldığı dövrdə də “Vilyarreal”ın maraq dairəsində olub və klub onu axtardığı lider futbolçu kimi görür.
Xəbərə görə, “Vilyarreal” həm futbolçunu, həm də “Fənərbaxça”nı razı salacaq təklif üzərində işləyir. La Liqa təmsilçisinin İstanbul klubuna 20–25 milyon avro arasında transfer haqqı ödəməyə hazır olduğu iddia edilir.
İspaniya çempionatını yaxşı tanıması səbəbindən Asensionun da bu keçidə müsbət yanaşa biləcəyi vurğulanır.
Asensio “Fənərbaxça”nı daşıyır
Marko Asensio bu mövsüm “Fənərbaxça” forması ilə keçirdiyi 19 oyunda 9 qol və 5 assistlə yadda qalıb. Son 7 liqa matçında 6 qol və 4 assist edən futbolçu yüksək forması ilə diqqət çəkir.
Qol və assist siyahısında ilk altılıqda yer alan Asensio oyuna təsiri ilə sarı-lacivərtli azarkeşlərin rəğbətini qazanmaqda davam edir.









