Azərbaycan Xalq Cumhuriyyəti bizim qızıl çağımızdır. Əgər 1828-ci ildə Türkmənçay hadisəsi olmasaydı, biz bəlkə də İran-Səfəvi bataqlığından qurtulmayacaqdıq, ayrı-ayrı xanlıqlar vahid inzibati ərazidə birləşməyəcəkdi və 1918-ci ildə müstəqil Azərbaycan dövlətimiz qurulmayacaqdı.
Tribuna.az xəbər verir ki, bu fikirlərlə deputat Fazil Mustafa çıxış edib. Bir müddətdir Səfəvilərlə bağlı davam edən müzakirələrə qoşulan millət vəkili sözlərin belə davam edib:
“İranın Ali liderinin hərbi məsləhətçisi, ordu komandiri, illərdir Səfəviçilik xəstəliyinə tutulmuş bir çox Azərbaycan vətəndaşından daha çox qızılbaş və daha çox Səfəvi olan Yəhya Rəhim Səfəvi son müsahibəsində deyir: “Bizim üçün Səfəvilər qızıl bir çağdır… Əgər Səfəvi dövləti olmasaydı, bu gün bəlkə də İran adında bir dövlət yoxdu ya da bu şəkildə bütünləşmiş olmayacaqdı. Səfəvilər İranda mərkəzi hökuməti qurmuş və parçalanmış İran torpaqlarını yenidən bir araya gətirmişdir Səfəvi dövləti İranın modern kimliyinin formalaşmasında kilid bir rol oynamışdır. Bu baxımdan İran; Səfəvilərin hüquqi, siyasi, mədəni və tarixi varisidir.”
Bəli, haqlıdır. Bu həm də Səfəvi məzhəbçiliyi üzərində qurulmuş İran dövlətinin rəsmi ideoloji tezisləridir.
Mən isə deyirəm ki, Azərbaycan Xalq Cumhuriyyəti bizim qızıl çağımızdır. Əgər 1828-ci ildə Türkmənçay hadisəsi olmasaydı, biz bəlkə də İran-Səfəvi bataqlığından qurtulmayacaqdıq, ayrı-ayrı xanlıqlar vahid inzibati ərazidə birləşməyəcəkdi və 1918-ci ildə müstəqil Azərbaycan dövlətimiz qurulmayacaqdı. Mirzə Fətəli və Həsən bəy Zərdabi missiyası bizim modern kimliyin formalaşmasında kilid rolu oynamışdır.
Bu missiyadan Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Məmmədəmin Rəsulzadə, Əlmərdan bəy Topçubaşov, Üzeyir bəy Hacıbəyli, Mirzə Cəlil, Sabir və başqa onlarla antisəfəvi yenilikçi bir nəsil doğulmuş və onlar da bizə Türk Ordusunun yardımı ilə milli dövlət qurmuşlar. Bu baxımdan da Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin hüquqi, mədəni və tarixi varisidir.
Bu da dünyəvi və milli dəyərlər üzərində qurulmuş Azərbaycan dövlətinin rəsmi ideoloji tezisləri olmalıdır!”.
Gülşən Rəsul









