Son günlər ictimai müzakirələrin mərkəzində Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun yaxınları dayanır. Xüsusilə onun qardaşı oğlu, “Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun həbs olunması və ailənin digər üzvünün vəzifədən azad edilməsi ciddi müzakirələrə səbəb olub. Bu hadisələr dövlət idarəçiliyində hesabatlılıq, şəffaflıq və institusional nəzarət mexanizmləri ilə bağlı suallar doğurur.
Eyni zamanda, yüksək vəzifəli məmurların rəhbərlik etdiyi sahələrdə idarəetmə və nəzarət sistemlərinin işləməsi məsələsi də gündəmə gətirilir.
Eyyubovlardan sonra növbə kimindir? Hansı oliqarx nazir, onun ailə üzvləri dövlətin “qulaqburmasını” dadacaq?
Tribuna.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov Hövsan Beynəlxalq Dəniz Limanında baş verən halların və buradakı korrupsiya ilə bağlı həyata keçirilən həbslərin kifayət qədər ciddi məsələlərdən xəbər verdiyini bildirib:
“Tutulan şəxslərdən birinin Bəylər Eyyubovun qardaşı oğlu olması diqqətdən yayınmır. Ruslan Eyyubovun həbs olunması göstərir ki, Azərbaycanda korrupsiya və rüşvətə qarşı aparılan mübarizədə kimliyindən asılı olmayaraq heç kəs toxunulmaz deyil. Zaman-zaman adı qalmaqallarda və korrupsiya hadisələrində hallanan şəxslər qanun qarşısında cavab verməlidirlər”.
O.Qasımov əlavə edib ki, bu həm də gələcək üçün bir siqnaldır:
“Belə bir təminat yoxdur ki, hansısa məmura və ya yüksək rütbəli şəxsin yaxınlarına qarşı tədbir görülməyəcək. Kim dövlət imkanlarından və imtiyazlardan istifadə edib qeyri-qanuni gəlir əldə edirsə, korrupsiya hallarına qarışıbsa, qanun qarşısında cavab verməlidir. Düşünürəm ki, bu, həm də bir mesajdır ki, gələcəkdə belə hallar təkrar olunmasın”.









