Aramsız yağa yağışlardan sonra yaranan problem fərdi yaşayış evlərinin, xüsusilə su basan ərazilərdəki evlərin satış qiymətlərinə ciddi təsir edəcək. Yağış bu evlərin həm qiymətini aşağı salacaq, həm də o evlərə olan təlabatı azaldacaq. Və bu da böyük ehtimalla, bina evlərinin satış qiymətlərinin qalxmasına gətirib çıxaracaq.
Bu sözləri Tribuna.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. O bildirib ki, fasiləsiz yağan yağış problemli əraziləri üzə çıxartdı:
“Mövsümü olaraq hər ilin mart ayının sonundan başlayaraq avqust ayının sonuna qədər fərdi yaşayış evlərinə, torpaq sahələrinə və bağ evlərinə təlabat artırdı. Həmçinin, paytaxtdakı söküntülər səbəbindən evləri sökülən vətəndaşların çoxu qiyməti münasib olduğuna görə adətən Bakıətrafı ərazilərə üz tuturdu. Bu da həmin ərazilərə təlabatı artırırdı. Lakin yağışların yağması, su basması səbəbindən yüzlərlə fərdi yaşayış evi su altında qalmış oldu. Bu təkcə Bakı və Abşeronun bir hissəsində deyil, demək olar paytaxtın bütün ətraf ərazilərində baş verdi. Əslində yağı. Həm də problemli əraziləri göstərmiş oldu.
Su altında qalmış evlər artıq sahibi üçün bir təhlükəyə çevrilib. Ona görə bu cür evlərdən tezliklə xilas olmağa çalışanlar olacaq. Bu səbəbdən yaxın günlərdə əmlak bazarında yüzlərlə, bəlkə də minlərlə bu cür fərdi yaşayış evlərni görə biləcəyik. Əksər zərər görmüş evlər tezliklə ucuz qiymətə satışa çıxarılacaq”.
E.Fərzəliyev bildirib ki, bu son hadisə fərdi yaşayış evlərinin, xüsusilə su basan ərazilərdəki evlərin satış qiymətlərinə ciddi təsir edəcək:
“Yağış bu evlərin həm qiymətini aşağı salacaq, həm də o evlərə olan təlabatı azaldacaq. Və bu da böyük ehtimalla, bina evlərinin satış qiymətlərinin qalxmasına gətirib çıxaracaq.
İndi ərazilər üzrə qiymətlər arasında daha kəskin fərqlər formalaşa bilər. Çünki yağışdan heç bir zərər görməyən ərazilərə maraq artacaq ki, bu da qiymətə bir başa təsir edən səbəbdir. Yağışdan zərər görən ərazilərə isə təbii olaraq həm maraq azalacaq, həm də qiymətlər kəskin düşəcək”.
Nigar İxtiyarqızı









