Elm və Təhsil Nazirliyi (ETN) orta məktəblərin internetlə təchiz edilməsi üçün elan etdiyi tenderə yekun vurub.
Tribuna.az xəbər verir ki, nazirliyin nəzdində olan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təhsil müəssisələrinin internet şəbəkəsi ilə (rəqəmsal texnologiyalarla) təmin edilməsi xidmətlərini satın alıb.
Məlumatda deyilir ki, tenderin qalibi “TEXNO LYUKS M” MMC olub. ETN şirkətlə 1 milyon 790 min 255 manatlıq müqavilə bağlayıb.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən internet şirkətləri mənzil və obyektlərə internet xəttini çəkmək üçün kampaniyalar elan edirlər. Məsələn, son günlər iri şirkətlər internet xəttini çəkmək üçün aylıq abunə ödəniş müqabilində əlavə xərc tələb etmirlər. Yalnız, məsafə 150 metrdən çox olduqda 5 manat əlavə xidmət haqqı alırlar. Maraqlıdır, Elm və Təhsil Nazirliyi bu şirkətlərin imkanlarından niyə yararlanmır? Və belə bahalı layihələrə üstünlük verir?
Fərda Uğur









