Elm və Təhsil Nazirliyi (ETM) ddaha bir milyonluq tenderə yekun vurub.
Tribuna.az xəbər verir ki, nazirliyi Təsərrüfat Hesablı Tikinti və Təchizat İdarəsi dünən yekun nəticəni açıqlayıb.
Bəlli olub ki, nazirlik orta məktəblərdə sanitar gigiyena xidmətlərinin (deratizasiya, dezinseksiya və dezinfeksiya) göstərilməsinin satınalınmasını həyata keçirib. “ECOMEDİ” QSC ilə bağlanılmış müqaviləyə əsasən göstərilən xidmətə görə, nazirlik 5 milyon 608 min 948 manat pul ödəyəcək.
Məlumatda bildirilir ki, bu işlər çərçivəsində deratizasiya xidmətləri 61,3 min kv.m, dezinseksiya xidmətləri 62,2 min kv.m və dezinfeksiya xidmətləri isə 58,3 min kv.m sahəni əhatə edəcək.
Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı qısa araşdırma zamanı məlum olub ki, Təhsil Nazirliyi 6 ay öncə də analoji tender keçirib. Həmin məlumatlara görə, ötən tenderdə də sanitar gigiyena xidmətlərinin göstərilməsinin satınalınmasının qalibi “ECOMEDİ” QSC ollub. Həmin vaxt şirkətə 5 milyon 637 min 581 manat ödənilib.
Bundan başqa, ETN 2024-cü ildə də eyni şirkətlə bahalı tender müqaviləsi bağlayıb. Məlum olub ki, yuxarıda qeyd edilən işlərin görülməsi üçün iki öncə “Ecomedi” QSC-yə 3 milyon 678 min 863 manat ödəniş edilib.
Həmçinin ETM 2023-cü ildə də eyni şirkətdən eyni xidmətləri satın alıb. 3 il öncə nazirlik “Ecomedi” QSC ilə 3 milyon 680 min 94 manatlıq müqavilə bağlayıb.
Araşdırma zamanı bəlli olub ki, “Ecomedi” QSC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi isə Fəzail Məmmədovdur.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Fərda Uğur










