Ermənistanda seçki öncəsi sülh sazişi — Bakı hansı mövqedə dayanmalıdır?

Ermənistanda seçki öncəsi sülh sazişi — Bakı hansı mövqedə dayanmalıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Azərbaycanla sülh sazişini iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl imzalamaq istəyir. Baş nazir Paşinyan bildirib ki, bu məsələ artıq hökumətin rəsmi gündəliyinə daxil edilib.

Əgər saziş seçkidən əvvəl imzalanmasa, bu proses nə qədər gecikə bilər?

Bu mərhələdə Azərbaycan hansı strateji mövqedə dayanmalıdır?

Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib:

“Paşinyanın Ermənistanda bu il keçiriləcək parlament seçkilərinə qədər Azərbaycanla sülh müqaviləsini imzalamaq istəyi rəsmi İrəvanın konyunktur maraqları, habelə, onun Vaşinqton qarşısında üzərinə götürdüyü öhdəliklər baxımından anlaşılandır”.

Politoloqun sözlərinə görə, hazırda, Paşinyanın Ermənistanda siyasətçi olaraq reytinqi əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb. Bunu ABŞ-la bağlı müstəqil sorğu mərkəzlərinin Ermənistanda respodentlər arasında keçirdiyi sorğular da, təsdiq edir. Sorğularda rəyi soruşulan respodentlərin ölkədə bu gün seçkilərin keçirilicəyi təqdirdə, yalnız 16-18 % ona səs verməyə hazır olduqlarını bildiriblər. Doğrudur, onun müxalifətdən olan və əsasən Qarabağ klanını təmsil edən opponentlərini də seçicilərin daha az hissəsi dəstəkləyir. Lakin millətçi müxalifətin seçkilərə erməni apostol kilsəsinin dəstəyi, habelə, Rusiyadan olan ermənistanlı iş adamlarının, biznes dairlərinin iştirakı ilə qoşulma ehtimalları və perspektivləri də var. Bu, ekektoral sənhədə vəziyyətin seçkilər ərəfəsində Paşinyanın xeyrinə olmayaraq dəyişə biləcəyini düşünməyə əsas verir.

Elşən Manafov qeyd edib ki, Qarabağ klanı ilə bağlı millətçi müxalifət bəllidir ki, Ermənistanda 2018-ci ilin aprel hadisələrindən sonra Paşinyandan məğlubiyyətin əvəzini çıxmaq, revanş götürmək arzusu ilə yaşayır. Paşinyanın erməni kilsəsinin islah edilməsi adı ilə ona qarşı həyata keçirdiyi tədbirlər isə kilsə və müxalifət arasındakı iş birliyinin əsas səbəbidir. Nəhayət, Paşinyanın xarici siyasətində ABŞ-ın sifarişi ilə həyata keçirilən antirusiya ritorikası, Moskvanın Ermənistandakı hərbi mövcudluğunu, onun Ermənistana olan iqtisadi və sosial təsir imkanlarının qapadılması istəkləri təbii ki, Kremldə də Paşinyanın Moskvaya logal iqtidarla əvəz edilməsi istəklərini gücləndirib.

Politoloq sonda vurğulayıb:

“ABŞ-ın Cənubi Qafqazda nüfuz dairəsi uğrunda Rusiya ilə geosiyasi qarşıdurmasının yeni bir mərhələyə keçdiyi bir şəraitdə Paşinyanın Vaşinqton üçün əhəmiyyəti daha da artıb və bunun nəticəsidir ki, ABŞ-ın vitse prezidenti Vens bir neçə gün əvvəl İrəvana və Bakıya olan səfərləri zamanı ABŞ-ın bu seçkilərdə Paşinyanı dəstəkləyəcəyini bildirib. Azərbaycanla sülh müqaviləsinin imzalanması isə Paşinyana seçkilər ərəfəsində ciddi siyasi dividentlər vəd edir. Belə ki, məlum müqavilə Azərbaycan, ardınca isə Türkiyə ilə münasibətlərin nizama salınması demək olacaq. Bu da Ermənistana münasibətdə iqtisadi blokadanın aradan qaldırılması, yükdaşımaların bərpası, Ermənistanın regional layihələrdə təmsilçiliyinə Ankara və Bakının razılığı, dəhlizlərə çıxış və deməli ölkə iqtisadiyyatına yatırılacaq investisiyaların artırılması demək olacaq. Bütün bunlar Ermənistanda dövlətin və əhalinin gəlirlərinin artmasına stimul vermiş olacaq, iqtisadi baza rolunda çıxış edəcək.
Əslində, rəsmi Bakı da məhz Paşinyanın seçkilərdə qələbəsində maraqlıdır və buna görə də sülh müqaviləsinin imzalanmadığı bir şəraitdə rəsmi İrəvanla ikitərəfli qaydada iqtisadi münasibətlərin genişlənməsinə qərar verib. Azərbaycan dəmir yolları vasitəsilə bu ölkəyə yanacaq daşınır, Rusiya və Qazaxstan taxılı çatdırılır. Lakin, seçkilərdən əvvəl rəsmi Bakının Ermənistanla sülh müqaviləsinin imzalanmasına qərar verəcəyi elə rəsmi Bakının qonşu dövlətin əsas qanununda Azərbaycana yönəli ərazi iddiaları ilə bağlı huquqi müddəaların konstitusiya mətnindən çıxarılması ilə bağlı tələbləri baxımından inandırıcı deyil. Zira, konstitusiya mətnindən məlum müddəaların çıxarılmayacağı təqdirdə, Ermənistanda Paşinyanı əvəz edə biləcək millətçi müxalifət təmsilçilərindən ibarət yeni hökumət sülh müqaviləsinin şərtlərini yerinə yetirməkdən boyun qaçıra da bilər. Buna yol verməmək üçün isə seçkilərdə Paşinyanın qələbəsini gözləmək, daha sonra isə referendumda Ermənistan konstitusiyasında dəyişikliklərin seçicilərin dəstəyi ilə həyata keçirilməsini gözləmək lazım gəlir. Hətta, seçkilərin referendumla eyni vaxtda keçirilməsi də, bəlli məsələlərdən sığortalanmaq üçün rəsmi Bakıya çıxış yolu deyil”.

 

Dəniz Pənahova