Son günlər Ermənistan tərəfi Azərbaycanın əsas hissəsindən Naxçıvana dəmir yolunun açılmasında israr edir. Tribuna.az xəbər verir ki, belə qənaətə gəlməyə səbəb son günlər rəsmi İrəvanın məsələni geniş müzakirəyə çıxarmasıdır.
Belə ki, dünən Ermənistan XİN başçısının mavini Vahan Kostanyan bildirib ki, Naxçıvana dəmir yolunun açılmasına çalışırlar. Onun ssözlərinə görə, bu yol açılarsa Ermənistan üçün bir neçə şans yaranır. “Birincisi, Naxçıvana dəmir yolu açılarsa, Ermənistanın cənubi ilə şimalı arasında dəmir yolu xətti açılmış olacaq və yükdaşımalar asanlaşacaq. İkincisi, Ermənistan blokadadan çıxacaq”.
Qeyd edək ki, dünən Qarsda Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilib. Gümrü-Qars dəmir yolunun bərpası və istismarı məsələsi üzrə müzakirələr aparılıb. Yolun tezliklə istismara verilməsinin vacibliyi qeyd edilib.
Bildirək ki, Ermənistanın bu addımları birbaşa öz maraqlarına hesablanıb. Ona görə ki, blokadadan çıxmaq üçün Azərbaycanla anlaşmadan başqa yolu qalmayıb. Həmçinin ölkənin daxili dəmiryollarının şəbəkələndirməsi üçün Naxçıvan xəttinin açılması zəruri şərtdir. Əks təqdirdə, bu ölkənin şəbəkələşmə prosesi baş tutmayacaq.
Fərda Uğur









