Erməni diasporu Azərbaycana qarşı fəaliyyətinə ara vermir.
Tribuna.az xəbər verir ki, əllərinə fürsət düşən kimi, təsir dairələrində olan siyasətçiləri hərəkətə keçirən ermənilər daha bir addım atıblar.
Belə ki, ABŞ Konqresinin “Erməni İşləri Qrupu”nun həmsədrləri Qus Bilirakis və Frank Pallone yeni “qanun layihəsi” hazırlayaraq, təqdim ediblər. “Ermənistan Təhlükəsizlik Tərəfdaşlığı Aktı” adlanan “qanun layihəsi” ABŞ prezidentinin Azərbaycan hakimiyyətinin Ermənistanla davamlı sülhün qurulması istiqamətində aydın və ölçülə bilən addımlar atana qədər Azərbaycana qarşı 907 saylı qətnamənin məhdudiyyətlərinin qalmasını hədəfləyir.
Bundan başqa, ermənipərəst konqresmenlər bir sıra tələblərlə çıxış ediblər. Məlumatda deyilir ki, həmin “tələb”lərdən biri Azərbaycanda hazırda mühakimə olunan erməni separatçılarının “dərhal və qeyd-şərtsiz azad edilməsi”ni istəyirlər. Bundan başqa, “Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən tamamilə çıxarılması”nı da irəli sürüblər. Bununla paralel olaraq, Qarabağdan könüllü köçmüş erməniləri geri qayıtmasının da təmin edilməsini istəyiblər. Yekun “tələb” isə “erməni mədəni və dini irsinin qorunmasını təmin etmək”dir.
Qeyd edək ki, Azərbaycan heç bir ermənini günahsız yerə mühakimə etmir. 30 il torpaqlarımızı işğal edib, orada terrorçuluq və separatçılıqla məşğul olanlar haqlı cəzalarını almalıdırlar.
İkincisi, Azərbaycan heç bir ölkənin ərazisini işğal etməyib. Əksinə, Ermənistan bu gün Azərbaycana məxsus 6 kəndi hələ də qaytarmayıb.
Üçüncüsü, Qarabağdan ermənilər zorla köçməyib və köçürülməyib. Əksinə, onlar könüllü olaraq Ermənistana daşınıblar. Azərbaycanı bəyənməyib, onun Bayrağı altında yaşamaq istəməyən bu adamları niyə qəbul etməliyik?
Və nəhayət, söhbət hansı “erməni irsi”ndən gedir? Qarabağda erməni irsi yoxdur. Bu necə olur ki, Azərbaycanın tarixi və mədəni, habelə dini irsi məhv ediləndə konqresmenlərin niyə səsi çıxmırdı? Digər tərəfdən, Azərbaycan heç bir mədəniyyət və dini abidəni məhv etmir. Əksinə, təmir edərək həqiqi sahiblərinə qaytarır.
Fərda Uğur









