Elxan İbrahimovun işdən çıxardığı müavin danışdı: “Hacı adamam, onu Allaha tapşırdım” – MÜSAHİBƏ

Elxan İbrahimovun işdən çıxardığı müavin danışdı: “Hacı adamam, onu Allaha tapşırdım” – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı sərəncamla Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov vəzifəsindən azad olunub. O, bu vəzifədə cəmi 48 gün çalışıb.

İndi hamını bir sual maraqlandırır. E.İbrahimov hansı səhvə yol verib ki, belə qısa müddətdən sonra etimadı itirib, işdən çıxarılıb.

Müxtəlif versiyalar səsləndirilir: rüşvət almaq, kadr dəyişiklikləri sahəsində səhvə yol vermək və s.

E.İbrahimov Nəsimi rayonuna rəhbərlik etdiyi qısa müddətdə bir neçə kadr dəyişikliyi edib. Onlardan birı də icra başçısının müavini Ramiz Quliyevi vəzifəsindən azad etməsi idi. O, 4 il idi bu vəzifədə çalışırdı.

Ramiz Quliyev “Yeni Sabah”a müsahibəsində baş verənlərlə bağlı sualları cavablandırıb.

– Ramiz müəllim, Elxan İbrahimov Sizi vəzifədən azad edəndə bunu nə ilə əsaslandırdı?

– Dedi yollarımızı ayıraq. Mən də cavab verdim ki, ayıraq da.

– “Yollarımızı ayıraq” məsələsini necə əsaslandırdı?

– Mənə əlavə heç nə demədi. Axşam idi, dedi yolumuzu ayıraq, məsləhət belədi. Mən də dedim baş üstə. Mən dava edən deyiləm ki. Amma haqq yerini tapdı. Yazırlar ki, oradan-buradan pul alıb və s. Nəsə var ki, yazırlar da. İndi çıxıb əsas gətirsin görək məni niyə işdən çıxarıb? Bəlkə nəsə iş görmüşdüm?

– İşdən çıxarılmağınızla bağlı əmr tam olaraq hansı tarixdə verilib?

– Məni ayın 9-10-u çıxarıb. Məlumat bir qədər gec yayıldı.

– İşdən çıxarılmağınıza reaksiyanız necə oldu?

– Mən Hacı adamam, Allaha tapşırdım. Sağ olsun cənab Prezident, haqq yerini tutdu. Biz hardasa 18-20 gün bir yerdə işlədik. Mən 20 il Bakı Şəhər İcra Hakimiyyətində işləmişəm. 4 ildən çoxdur ki, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmışam. Ondan da öncə Su İdarəsində işləmişəm. Mənim 60 yaşım var. Özüm idmançı olmuşam. 2019-cu ildə Prezident tərəfindən “İdmanda fərqlənməyə görə” diplomu ilə təltif olunmuşam. Belə pis olsaydım, cənab Prezident məni təltif etməzdi. Allah bilən məsləhətdir.

– Bəs Elxan İbrahimovun 48 gündən sonra vəzifədən azad olunmasını necə qiymətləndirirsiniz?

– Vallah bu haqda bir söz deyə bilmirəm. Bəlkə başqa məsələlər var, bilmirəm. Burda yox idim. İstanbula dincəlməyə getmişdim. Dedim beynim bir az açılsın.

– Beyniniz açıldımı?

– Xeyli vaxt idi istirahət etmirdim. Beynim yaxşı açıldı.

– İstirahətə görə yoxsa sizi vəzifədən azad edən Elxan İbrahimovun işdən çıxarılması xəbərindən?

– Haqq-ədalətin öz yerini tutacağına əmin idim. Siz mənim yerimdə olsaydınız, necə edərdiniz? Durduğum yerdə gecə vaxtrı çağırıb deyir ki, ərizəni yaz çıx. Belə halla üzləşən adamın bunu edənə münasibəti necə olar? Mən həyatda insanlığımla, adamlığımla yaşayıram.

– Gecə vaxtı deyəndə yəni iş bitən vaxtı deyirsiniz?

– Bəli.

– Orada bir məsələ də oldu, Elxan İbrahimov Ceyhun İsmayılovu özünə köməkçi təyin etdi, heç bir ay çəkmədi işdən çıxardı. Bu nə ilə bağlı idi?

– Mən onu görmədim, deyəsən, onu mənim yerimə hazırlayırdı, Kürdəmirdən ona görə gətirmişdi.

 – Köməkçisini müavin qoymaq istəyirdi?

– Hə, ona görə gətirmişdi

– Amma sonra da işdən çıxardı…

– Yəqin günahları var idi ki, çıxardı. Amma biz bunun səbəbini bilmirik nədir, nə ediblər.

– Siz 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etmisiniz?

– 2019-cu ildə iştirak etmişəm. Cənab prezident mənə fəxri fərman verib, amma bu il olmamışam. Bundan başqa “Tərəqqi” medalı ilə təltif olunmuşam. Nazirlərdən mükafat, medal almışam, idman sahəsində çox mükafatlarım var. Respublikaya medallar qazandırmışam. 10 dəfə də Həcc ziyarətində olmuşam. Özü də qrup rəhbəri olmuşam. Elə bil Allah-təala tərəfindən mənə dedilər ki, sən rəhbər olmalısan. 9 dəfə avtobusla, bir dəfə təyyarə ilə getmişəm Həccə.

– Ramiz müəllim, yenidən Nəsimi Rayon İcra Hakimiyyətindəki vəzifənizə qayıtmaq istəyərdiniz?

– Mən kiməm ki?! Qismət Allahındır.

– Mən bildiyimə görə, 2024-cü ilin sentyabrın 23-dən 2025-ci ilin noyabrın 12-dək Nəsimi rayonunda icra başçısı olmadığı müddətdə onun səlahiyyətlərini Zahid Xəlilov icra etsə də, işi aparan əsas şəxslərdən biri siz olmusunuz…

– Bəli, işləməsəydim elə o vaxt məni çıxarardılar. O boyda rayonu idarə etmək zarafat deyildi. Bu boyda ölkədə Səbaildən sonra ikinci rayon olduq.

– Hansı sahədə?

– Təmizlik, qanunsuz tikintilərin olmamasına, ərizə və şikayətlərə baxılmasına, şəhid ailələrinə münasibətə görə. Bizə Prezident Adminstrasityasında dedilər ki, ikici yeri tutdunuz. Biz də sevindik ki, başçı olmasa da, biz elədik.

– İşdən çıxandan sonra sizə zənglər oldumu? Dedilərmi ki, bizim üçün gözlənilməz oldu?

– Bakı şəhərinin 80 faizi məni tanıyır. Nə deyə bilərəm? Üzdə olan adam olmuşam. İdman sahəsində işləməyim, Hacı olmağım, işləməyim…hamı tanıyır məni. Zəng vuranların hamısı heyfslənir ki, niyə sən?

– Doğurdan da niyə siz?

– Adamə yandıran da budur. Biri var mən başçının tapşırıqlarını yerinə yetirməyim – bu zaman günah özümündür. Biri də var sən 10-15 gündür gəlmisən, deyirsən, dur get burdan. Özü də kişik vəzifə deyil. Camaatla işləyən mən olmuşam, bütün qəbulları mən aparmışam, şəhid ailələrinə kömək eləmişəm. Qazilər gəluib-gedib, yola vermişəm. Bu, haqsızlıqdır, axı.

– Sizə icra başçısının hər hansı tapşırığı olmuşdu?

– Yox, verməmişdi. Demək istədfiyim budur ki, əgər o mənə tapşırıq versəydi, mən yerinə yetirə bilməsəydim, o zaman deyəydim ki, səhvim var. Amma mənə heç nə deməyib axı.

Nə tapşırıq vermişdisə, bir saatın içində icra eləmişdim. Məsələn, deyirdi ki, səki sökülüb. Bir-iki saatın içində Mənzil Kommunal -Təsərrüfatın əməkdaşlarına düzəltdirib, şəklini atıb deyirdim ki, həll elədik. Harda su axıntısı, kanalizasiya axınbtısı olurdusa, hamısını şak-şak hell edib, şeklini özünə atırdım. Özünün də xoşuna gəlirdi. Nə oldu, başa düşmədik nə oldu. Həyatdı da…

– Kimisə çıxarmaq xatirinə sizi çıxartdı?

– Onu artıq deyə bilmərəm.

– Necə hesab edirsiniz, Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olduğu müddətdə onun cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola biləcək hərəkətlərə yol verib?

– Mən görməmişəm. Yalan da deyə bilmərəm. Mən onu elə də çox görmədim axı.

– Yeni iş təklif və varinatları varmı?

– 15-20 gündür işdən çıxarılmışam. Əmrimi gec verdilər. Hələki iş təklifi filan yoxdur. Mən bu barədə heç kimə heç nə deməmişəm. Məndə bir xasiyyət var, əgər kimsə mənimlə işləmək istəmirsə, sağ olsun. Mən heç kimə gedib yalvaran deyiləm. İşləmək istəmirsə, onu nəyəsə məcbur etməyəcəm ki. Rəis mənə deyəcək ki, ərizəni yaz çıx get, deyəcəm baş üstə.