“Elm və təhsili bu 4 nazir bərbad hala saldı” –  Dosent

“Elm və təhsili bu 4 nazir bərbad hala saldı” – Dosent

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə elm və təhsilin durumundan razı qalan yoxdur, elə nazir özü də razı deyil. O, da çox vaxt buradakı durumu haqlı olaraq tənqid edir. Yəqin ki, bu dediyi “inkişaf”a heç özü də inanmır.
Amma iş görüntüsü yaratmaq üçün bəzən “inkişaf” var deyir, axı sabah ona da sual verərlər ki, əgər dediyiniz kimi, elm və təhsil tərsinə qurulubsa, inkişaf yoxdursa, onda siz özünüz niyə maaş alırsınız?

Tribuna.az xəbər verir ki, bu sualla dosnet, ali təhsil üzrə ekspert İlham Əhmədov çıxış edib. O bildirib ki, təhsilin, elmin çökməsinin səbəbini nazir özü yaxşı bilir:

“Bəs elm nə vəziyyətdədir?
Nazir bunun da cavabını verib: “təhsil olmasa elm və innovasiya olmaz”. Təhsil isə, onun da etiraf etdiyi kimi bərbad haldadır. Yəni, elm də təhsilin günündədir.
Əslində, dövlət elm qarşısında problemlər qoymalı, sifarişlər verməli və bunu normal maliyyələşdirməlidir.
35 ildə bu olmayıb.
Elmin çökməsi səbəbini də nazir yaxşı bilir: “Elm az maliyyələşmə səbəbi ilə inkişaf etməyib”.
Amma elm də öz növbəsində sosial-iqtisadi inkişafa xidmət etməli, pul qazanmalıdır.
Təkcə məqalə yazmağa xidmət edən, iqtisadi inkişafa təkan verməyən elm və alimin cəmiyyətə faydası olmaz, məqaləsi xaricdə nəşr edilsə belə.
Bütün bu işləri vaxtında düzgün layihələndirmək, planlaşdırmaq, təşkil etmək, düzgün kadr və maliyyə siyasəti ilə idarə etmək lazım idi.
Bizdə bir çox məmurlar öz yerində olmadığı üçün, proseslər düz qurulmayıb. Məmur nə edəcəyini, nə vaxt, harda, nə deyəcəyini yaxşı bilmir. Amma problemlərin səbəbini özündə və özündən əvvəlki məmurlarda deyil, sadə insanlarda axtarır”.

Dosent bildirib ki, məmurlar elm və təhsildəki bütün səhvlərin əsas səbəbkarı kimi müəllimi və alimi göstərirlər:

“Belə yanlış yanaşma olub ki, 25 il ərzində elm və təhsil tərsinə qurulub. Amma son 4 təhsil nazirinin heç biri, heç vaxt öz səhvlərini etiraf etməyiblər, peşmançılığını bildirməyiblər.
Əgər öz səhvlərini hələ də görmürlərsə, onda sosial şəbəkələrə diqqətlə baxsınlar. Çox məlumatlar öyrənərlər.
Elə biz bu problemlərə aid son 10 ildə 1000-dən çox sayt məqaləsi dərc etmişik, 4 nazirin hər biri bu sahəyə verdiyi “tövhələri” o məqalələrdə görə bilər”.

Gülşən Rəsul