Elektron pul təşkilatlarına qarşı tələblər dəyişdi

Elektron pul təşkilatlarına qarşı tələblər dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nda dəyişiklik edib.

 Tribuna.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, təşkilatlarda mülki məsuliyyət sığortasının və yaxud qarantiyanın məbləği ildə iki dəfə, iyun və dekabr aylarının son iş gününə olan ödəniş xidməti istifadəçisinin sayı əsasında yenidən hesablanacaq və bununla bağlı hesabat 7 iş günündən gec olmayaraq AMB-yə təqdim ediləcək.

Həmçinin, təşkilat məcmu kapitalın komponentləri üzrə hesabatı rüblük əsasda növbəti rübün ilk 10 iş günündən gec olmayaraq, fəaliyyəti ilə bağlı digər hesabatı isə aylıq əsasda növbəti ayın ilk 10 iş günündən gec olmayaraq AMB-yə təqdim edəcək. İndiyə qədər hesabatlar 5 iş günü ərzində təqdim edilirdi.

Bundan sonra, təşkilatda həssas ödəniş məlumatları ilə prosedurlara, informasiyanın mühafizəsinin təmin edilməsinə, habelə fövqəladə hallarda təşkilatın fəaliyyətinin davamlılığına və bərpa planına dair tələblər AMB-nin İdarə Heyətinin 28 mart 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər” ilə tənzimlənəcək.

AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.