Təhsil eksperti Vüqar Məmmədov ölkədə fəaliyyət göstərən bəzi özəl hazırlıq mərkəzləri ilə bağlı diqqətçəkən iddialar səsləndirib. O bildirib ki, bəzi kursların arxasında məktəb direktorları, sektor müdirləri, regional təhsil idarələrinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Elm və Təhsil Nazirliyinin (ETN) və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) vəzifəli şəxsləri dayanır.
Tribuna.az xəbər verir ki, ekspertin sözlərinə görə, rəsmi sənədlərdə başqa şəxslərin adına rəsmiləşdirilən, əslində isə təhsil məmurları tərəfindən idarə olunan hazırlıq mərkəzləri böyük bir qeyri-qanuni biznes şəbəkəsinə çevrilib. O hesab edir ki, bu vəziyyət dövlət təhsilinin resurslarından sui-istifadəyə və idarəetmədə ciddi boşluqlara yol açır.
V.Məmmədov iddia edib ki, gözlənilən kurikulum yenilikləri, daxili qiymətləndirmə materialları, imtahan formatları, hətta məktəblərdəki şagird kontingenti barədə məlumatlar ilk növbədə həmin imtiyazlı kurslara ötürülür:
“Bu, müstəqil repetitorlar və digər hazırlıq mərkəzləri üçün haqsız rəqabət yaradır və xidməti məlumatların məxfiliyini sual altına alır. Bəzi vəzifəli şəxslər yalnız gəlir əldə etmək üçün deyil, həm də təhsil bazarında süni inhisarçılıq yaratmaq məqsədilə bu kurslara himayədarlıq edirlər. Tabeliklərində olan müəllimlər və valideynlər müxtəlif yollarla həmin kurslara yönləndirilir, nəticədə ciddi maraqlar toqquşması yaranır”.
Vüqar Məmmədovun sözlərinə görə, dövlət məktəbində tədrisin keyfiyyətinə cavabdeh olan şəxsin eyni zamanda özəl kurs biznesində maraqlı olması dövlət təhsilinə inamı sarsıdır:
“Bu vəziyyət valideynləri məcbur şəkildə pullu hazırlıq mərkəzlərinə üz tutmağa vadar edir və sosial bərabərsizliyi daha da dərinləşdirir”.
Sonda ekspert aidiyyəti dövlət qurumlarını məsələyə hüquqi qiymət verməyə çağırıb. O vurğulayıb ki, regional təhsil idarələrinin və digər məsul şəxslərin özəl sektorla mümkün gizli əlaqələri araşdırılmalı, vəzifə səlahiyyətlərini şəxsi qazanc mənbəyinə çevirənlər qanun qarşısında cavab verməlidirlər.
Onun fikrincə, təhsil heç bir halda məmurların gizli ticarət obyektinə çevrilməməlidir.
Gülşən Rəsul









