AzParkinq”lə bağlı şikayətlər son dərəcə çoxdur. Bakı şəhərində demək olar ki, bütün küçələrə, döngələrə və dalanlara pullu parklanma nişanları qoyulub. Bu zaman nə ərazidə yaşayan sakinlər, nə iş yerləri, nə də vətəndaşların sosial vəziyyəti nəzərə alınır”.
Tribuna.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
“Şəhər mərkəzində parklanmanın saatı 1 manatdır. Bu isə gündə 8–10 manat, ay ərzində isə minimum əməkhaqqına yaxın məbləğ deməkdir. Belə qiymətlər sosial baxımdan qəbuledilməzdir. Avtomobildən məcburi istifadə edən əlillər, xəstələr, yaşlılar, uzaqdan işə gələn müəllimlər və azgəlirli vətəndaşlar bu xərci ödəmək imkanında deyil.
Bir çox vətəndaş ay ərzində maaşının yarıdan çoxunu parklanma haqqına xərcləməyə məcbur qalır. Bu yanaşma nə ədalətlidir, nə də məntiqlidir. Dünyanın heç bir ölkəsində əməkhaqqının 50–70 faizi parklanma xərclərinə yönəldilmir”.
O bildirib ki, şəhərdə faktiki olaraq pulsuz dayanma imkanı qalmayıb:
“Küçələrin bir hissəsində dayanma-durma qadağandır, qalan hissələr isə pulludur. Hətta məktəblərin, idarələrin və yaşayış binalarının ətrafında belə avtomobil saxlamağa imkan verilmir.
Bu vəziyyət Bakını yalnız yüksək gəlirli şəxslər üçün əlçatan edir. Az maaş alan vətəndaş üçün avtomobil sürmək və saxlamaq mümkünsüz hala gətirilib. Halbuki ictimai nəqliyyat da yetərli səviyyədə deyil: avtobuslar həddən artıq doludur, metroda sıxlıq ciddi problem yaradır”.
Ekspert deyib ki, xəstəxanaya xəstə aparan şəxs parklanma pulu və cərimə barədə düşünməməlidir:
“Yüklə bazara gedən vətəndaşdan ictimai nəqliyyatdan istifadə tələb etmək real deyil. Bu səbəbdən “AzParkinq”in tətbiq etdiyi parklanma siyasəti əhalinin real ehtiyaclarına uyğun tənzimlənməlidir.
Ekspertlərin, deputatların və jurnalistlərin dəfələrlə vurğuladığı kimi, şəhərdə parklanma yerlərinin ən azı 50 faizi pulsuz olmalıdır. Pullu parklanma yalnız xüsusi olaraq tikilmiş yeraltı və yerüstü dayanacaqlarda tətbiq edilə bilər. Adi küçə və yolların pullu edilməsi nə iqtisadi, nə də sosial baxımdan əsaslandırıla bilər”.
Onun sözlərinə görə, bu qiymətlər əhalinin gəlir səviyyəsinə adekvat deyil və yalnız yuxarı təbəqəyə hesablanıb:
“Məsələyə yenidən baxılmalı, ictimai müzakirə aparılmalı və daha ədalətli mexanizm formalaşdırılmalıdır”.









