İnnovasiya və Təchizat Mərkəzi fiziki şəxs Orxan Cavanşir oğlu Cavanşir ilə satınalma müqaviləsi imzalayıb.
Tribuna.az xəbər verir ki, “Qaynarinfo”ya istinadən xəbər verir ki, müqavilədə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi 142 D ünvanında yerləşən ümumi sahəsi 12 552.30 kv.metr olan ofis və anbar kompleksinin icarəyə götürülməsi nəzərdə tutulur.
Buna görə Orxan Cavanşirə 490 min manat ödəniləcək.
Satınalma proseduru bir mənbə metodu ilə həyata keçirilib.
Apardığımız araşdırmalar zamanı məlum olub ki, İnnovasiya və Təchizat Mərkəzi ötən il eyni xidmətə görə Orxan Cavanşirə 392 min, 2024-cü ildə isə 1 milyon 176 min manat ödəyib.
Qurumun hər il Orxan Cavanşirlə icarə müqaviləsi bağlaması icarə müddətinin bir il olması barədə ehtimalları artırır. Bu halda aylıq icarə haqqı aylıq 40 833 manat edir.
İnnovasiya və Təchizat Mərkəzinə ofis icarəyə verən Orxan Cavanşir deputat Cavanşir Feyziyevin oğludur.
Cavanşir Feyziyev 2015-ci ildən deputatdır. O, həm də əczaçılıq sahəsində aparıcı şirkətlərdən olan “Avromed Company” QSC-nin sahibi kimi tanınır. Cavanşir Feyziyev deputat seçildikdən sonra şirkətə onun qızı Əzizə Cavanşir qızı Baxşiyeva rəhbərlik edib. Onun rəhbərliyi 2020-ci ilədək davam edib.









