Dini Komitə 360 min manatlıq iftar süfrələri təşkil edəcək

Dini Komitə 360 min manatlıq iftar süfrələri təşkil edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət qurumu olan Mənəvi Dəyərlərin Təbliği Fondu Ramazan bayramı ilə əlaqədar iki xarici ölkədə iftar süfrələri təşkil edəcək.

Tribuna.az xəbər verir ki, bu barədə Fonddan mediaya məlumat verilib. Qeyd edək ki, bu Fond Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindədir.

İftar süfrələri Türkiyə və Gürcüstanda təşkil olunacaq. Fond bu iftar süfrələrinin təşkilini yerli şirkət olan “The Event Company” MMC-yə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkət iftar süfrələrini 363 646,8 manata təşkil edəcək.

Məlumata üçün onu da bildirək ki, Fond ötən il də Türkiyə və Gürcüstanda iftar süfrələri təşkil edib və həmin vaxt bağlanılmış müqaviləyə əsasən, iftar süfrələrini “Laguna Group” şirkəti 198 948 manata hazırlayıb.

Beləliklə, ötən illə müqayisədə Fondun Türkiyə və Gürcüstanda iftar süfrələrinə xərci 164 698,8 manat və ya 82,8% artıb. Bu, az qala iki dəfəyədək artım deməkdir. Bu artımın nə ilə əlaqədar olduğu bildirilmir. Qeyd edək ki, “The Event Company” şirkəti paytaxtın Binəqədi rayonunda qeydiyyatdan keçib. Şirkətin qanuni təmsilçisi Mikayılov Müşfiq Gözəl oğludur. Şirkətin hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 9846.55 manat vergi borcu var.

“AzPolitika”