İspaniyalı dietoloq Pablo Oheda supermarketlərdə satılan məhsullar arasında sağlamlıq üçün ən zərərli seçim kimi enerji içkilərini göstərib.
Tribuna.az xəbər verir ki, Onun sözlərini İspaniyanın ABC nəşri yayıb.
“Əgər məndən supermarketdəki ən pis məhsulun hansı olduğunu soruşsaydınız, heç düşünmədən enerji içkiləri deyərdim”, – Oheda bildirib.
Dietoloqun sözlərinə görə, 500 millilitrlik bir enerji içkisində iki fincandan çox qəhvəyə bərabər kofein ola bilər.
Oheda həmçinin bu içkilərdə böyük miqdarda şəkərin olduğunu vurğulayıb. Onun sözlərinə görə, 500 millilitrlik bir qabda təxminən 15 kub şəkər ola bilər. İstehlakçı isə bunu etiketə baxarkən hər zaman düzgün qiymətləndirmir. Çünki şəkərin miqdarı adətən 100 millilitr üçün göstərilir və real miqdarı hesablamaq üçün bu rəqəmi beşə vurmaq lazımdır.
Dietoloq enerji içkilərinin isti havada susuzluğu aradan qaldırdığı fikrinin də doğru olmadığını bildirib. Onun sözlərinə görə, bu içkilər orta müddətli perspektivdə hətta susuzlaşmaya səbəb ola bilər. İnsan içkini qəbul etdikdən sonra susuzluğunu müvəqqəti hiss etməyə bilər, lakin bir müddət sonra yenidən mayeyə ehtiyac yarana bilər.
Qeyd edək ki, enerji içkilərinin tərkibindəki kofein və şəkərin miqdarı məhsuldan məhsula dəyişir. Buna görə konkret məhsulun təsirini qiymətləndirərkən onun etiketində göstərilən tərkibə baxmaq vacibdir.
İmran Kərimli









