Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə aylıq əməkhaqlarının iki dəfə verilməsi nəzərdə tutulur. Layihəyə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov açıqlamasında bildirib ki, Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən, əməkhaqqının bir dəfədən az olmamaq şərti ilə verilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, yeni dəyişikliklərin qəbul edilməsindən sonra bir dəfədən az olmamaq və 16 gün fasilə ilə əməkhaqqının verilməsi həyata keçiriləcək:
“Bu həm də o anlama gəlir ki, işəgötürən və işçi razılaşmaqla ayda ki dəfə əməkhaqqının verilməsini həyata keçirə biləcək. Burada əsas şərt məhz işəgötürən və işçinin razılığıdır. Yeni dəyişiklikdən sonra işəgötürən işçi ilə razılaşmaqla əməkhaqqının bir deyil, iki dəfə ödənilməsini həyata keçirə bilər. Bu da əməkhaqqının ayda 2 dəfə ödənilməsinə imkan yaradar. Əməkhaqqının ödənilməsində əsas şərt işəgötürən və işçinin razılığıdır. Bu zaman vergi ödənişləri hesabatı praktik olaraq əvvəlki qaydada həyata keçirilir. Vergilərin hesablanması, hesablanmış vergilərlə bağlı hesabatın təqdim olunması proseduraları Vergilər Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçiriləcək”, – deyə deputat vurğulayıb.









