Hüquq müdafiəçisi Sahib Məmmədov deputat Səyyad Aranın “Azəri” sözünün bizə dəxli olmaması, “Azəriqaz”ın qanuni adının düzəldilməsilə bağlı fikirlərinə cavab verib.
Tribuna.az xəbər verir ki, S.Məmmədov qeyd edib ki, bu bütün dünyada belədir:
“Hörmətli deputatlardan biri deyib ki, bizdə təsisatların adlarında Azəri sözü olmamalıdır.
Əsaslandırması da bu olub ki, Azərilər İranda yaşayan etnik azlıqdır.
Hörmətli deputat unudub ki, dövlətimizin adı Azərbaycandır və təsisatların dövlətə mənsubiyyətini bildirmək üçün qısa şəkildə dövlətin adının yazılması bütün dünyada mövcudur. Ya milli yazılır, ya da dövlətin adının bir hissəsi.
Misal: Rosneft, Rospoterbnadzor və s. “UKRqaz”, UKRqazbank”, “Kazneft petrolium” yəni yüzlərdə təsisat adı var hər ölkədə.
Bəs məşhur “Azərneft” meydanı? Onun da adını dəyişək?
Məncə hörmətli deputat hansısa aktual məsələdən danışmaq istəyib, amma sonra fikrindən daşınıb”.
Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aran deyib ki, “Azəri” sözünün bizə dəxli yoxdur, “Azəriqaz”ın qanuni adı düzəldilməlidir”:
“Bizim bütün qurumlarımız belə adlanır: “Azərxalça”, “Azərsu” “Azərışıq” və s. Bəs “Azəriqaz” niyə? Hansı ağıllı bu sözü yazıb? “Azəri”sözünün bizə dəxli yoxdu. Tarix və həyat paradokslar yaradır. Bunu siz hansı ağılla “Azəriqaz” adlandırmısınız? Türklər bizə deyirlər ki, “azəri kardeşlerimiz”. Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin. “Azəri” sözünün bizə aidiyyəti yoxdur”.
Nigar, ixtiyarqızı









