ABŞ və İsrailin İrana hücumundan sonra bu ölkədəki dini kəsim getdikcə daha sərt bəyanatlarla yanaşı, həm də fətvalar verirlər.
Tribuna.az xəbər verir ki, İranın mərhum dini lideri Əli Xamineyinin öldürülməsindən sonra cihad çağırışları da getdikcə artır.
Belə ki, bir neçə gün əvvəl İranın tanınmış din xadimlərindən olan ayətullah Məkarim Şirazi ABŞ və İsrailə qarşı cihada çağırış edib. Dünən isə daha bir tanınmış din alimi analoji çağırışla çıxış edib. Belə ki, ayətullah Cavad Amoli bəyan edib ki, ABŞ və İsrailə qarşı cihad edilməlidir. O, tərəfdarlarını cihad əmrinə əməl etməyi zəruri bilib.
Qeyd edək ki, adları çəkilən hər iki din xadiminin tərəfdarları var. Lakin bu tərəfdarların arealı barədə dəqiq məlumat yoxdur. Müşahidəçilər bildirirlər ki, Cavad Amoli və Məkarim Şirazinin əsas tərəfdarları İranda qərarlaşıblar.
Bildirək ki, bu cihad çağırışlarının praktiki olaraq həyata keçib, keçməyəcəyi məlum deyil. Çünki hazırkı qarışıq vəziyyətdə həmin fətvaya uyaraq, hərəkət edənlərin olmayacağı və ya çox az qism olacağı daha real görünür.
Fərda Uğur









