Cüdo Federasiyası idmançı uşaqların hüquqlarını pozur? –  Video

Cüdo Federasiyası idmançı uşaqların hüquqlarını pozur? – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cüdo ilə təxminən 10 ildir məşğul olan yeniyetmənin yarış zamanı hüquqlarının pozulduğu iddia edilir.

Tribuna.az xəbər verir ki, bu barədə yeniyetmənin anası Səyyarə Elxan sosial şəbəkədə hesabında paylaşım edib.

O bildirib ki, oğlu yarış zamanı hakimlər tərəfindən ədalətsizliyə məruz qalıb. Onun sözlərinə görə, oğlunun etdiyi hərəkət “ippon” olduğu halda, hakim qərarı düzgün qiymətləndirməyib.

Ana daha ciddi məqamın isə qarşılaşma zamanı oğlunun ağzından xəsarət alaraq qanaması olduğunu bildirib.

İddiaya görə, buna baxmayaraq, qarşılaşma dayandırılmayıb və “mate” verilməyib.

Səyyarə Elxan hesab edir ki, hakimlərin bu davranışı uşağın hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnib.

O, rəqibin federasiyaya bağlı uşaq olduğunu və bunun hakim qərarına təsir etdiyini iddia edib.

“Burda ağ geyimli mənim oğlumdur. O qədər başım çıxmır, amma özü deyir, müəllimə və bilən adama da soruşmuşam. İppondu. Sonra da ayağa qalxıb, ağzı zədələnib, qan axdığı halda mate verilməyib.

Çünki rəqib federasiyanın uşağı idi”, – deyə ana bildirib.

Onun sözlərinə görə, oğlu əvvəlki yarışlardan da dəfələrlə narazı qayıdaraq “haqqımı yedilər” deyib. Ana isə bu şikayətlərə vaxtında ciddi yanaşmadığını və buna görə peşman olduğunu qeyd edib.

Səyyarə Elxan bildirib ki, oğlu uzun illərdir cüdoya böyük həvəslə yanaşıb, isti və soyuq havada məşqlərə gedib, ailəsi də onun idman fəaliyyəti üçün müxtəlif fədakarlıqlar edib.

“Tanıyanlar bilir, mənim oğlum 10 ilə yaxındır cüdo ilə məşğul olur və bu onun sevgisidir. İsti, soyuq demədən məşqlərə gedib, hətta hazırlıqları bunun üçün ləğv etmək məcburiyyətində qalmışam. Və bu yeniyetmənin sevgisini, həvəsini əlindən aldılar. Artıq nə məşq etmək, nə yarışlara getmək istəyir”, – deyə o vurğulayıb.

Ana paylaşımının sonunda Azərbaycan Cüdo Federasiyasını sərt şəkildə tənqid edib.

Mövzu ilə bağlı Azərbaycan Cüdo Federasiyasına sorğu ünvanlamışıq.

Gülşən Rəsul