Çirkli pulların yuyulmasına qarşı nəzarət SƏRTLƏŞİR

Çirkli pulların yuyulmasına qarşı nəzarət SƏRTLƏŞİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün müzakirəyə təqdim olunan qanun layihəsi bank sektorunda hesabatlılığın artırılmasına və şəffaflığın gücləndirilməsinə xidmət edir”.

Tribuna.az  xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, qanun layihəsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsini nəzərdə tutur. Sənəd Avropa Şurasının MONEYVAL ekspertlər komitəsinin Azərbaycanın müvafiq sahədəki fəaliyyətinə dair beşinci raund qiymətləndirmə hesabatında FATF-ın 26 və 27-ci tövsiyələri üzrə müəyyənləşdirilən tələblərlə əlaqədar hazırlanıb.

Onun sözlərinə görə, dəyişikliklər Mərkəzi Bankın nəzarətini yalnız ayrı-ayrı maliyyə institutlarına deyil, onların daxil olduğu maliyyə qruplarına da şamil edəcək. Beləliklə, banklar, sığorta şirkətləri, sığorta vasitəçiləri, investisiya şirkətləri və digər müvafiq maliyyə qurumlarının fəaliyyətinə qrup səviyyəsində nəzarət mexanizmi tətbiq olunacaq.

Vüqar Bayramov qeyd edib ki, maliyyə institutlarının və qruplarının çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı riskləri dövri olaraq qiymətləndiriləcək. Təşkilati strukturda, mülkiyyətçilərdə və fəaliyyət istiqamətlərində dəyişiklik baş verdikdə, eləcə də əməliyyatların intensivliyi və ya məbləği əvvəlki dövrlə müqayisədə 40 faiz və ya daha çox azaldıqda risklərin yenidən qiymətləndirilməsi nəzərdə tutulur.

Deputat əlavə edib ki, Mərkəzi Bank nəzarət tədbirlərinin dövriliyini və intensivliyini maliyyə institutlarının risk profillərini, daxili qaydalarını və nəzarət mexanizmlərini nəzərə almaqla müəyyən edəcək. Həmçinin qurum maliyyə institutlarından və qruplarından yazılı sorğu əsasında sənəd və məlumat tələb etmək səlahiyyətinə malik olacaq.

Qeyd edək ki, qanun layihəsi birinci oxunuşdan qəbul edilib.