“Otoqallery” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb.
Məhkəmədə məlum olub ki, “Otoqallery” MMC Çindən gələn 2 ədəd 2025-ci il buraxılış “Changan Qiyuan” markalı nəqliyyat vasitəsi barəsində qısa idxal bəyannaməsi vaxtında verməyib. Məhkəmənin hökmü ilə MMC 1500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə olunur.
Xatıradaq ki, nizamnamə kapitalı 50100 AZN olan “Otoqallery” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Rəşidov Rəşad Aydın oğludur.









