Ankara Regional Apellyasiya Məhkəməsinin Cumhuriyyət Xalq Partiyasının (CHP) qurultayının nəticələrini ləğv etməsindən və Özgür Özəli vəzifədən azad edərək Kamal Kılıçdaroğlunu vəzifəyə qaytarmasından sonra etirazlar davam edir.
Tribuna.az “Hürriyet”ə istinadən xəbər verir ki, CHP Ümumi Mərkəzinin qarşısında partiya üzvləri arasında gərginlik yaşanır. Özgür Özəl tərəfdarları binanı mühasirəyə alaraq Kamal Kılıçdaroğlunu içəriyə buraxmaqdan imtina edir. Ankara Valiliyinin açıqlamasında məhkəmə qərarının icrası üçün polisə göstəriş verildiyi bildirilib.
Digər tərəfdən CHP sədrliyinə bərpa edildiyi qeyd olunan Kəmal Kılıçdaroğlu “CHP-nin bütün təşkilatlarına Ankara Regional Apellyasiya Məhkəməsi 36-cı Mülki Dairəsi tərəfindən verilən qərara uyğun hərəkət etməyə çalışan məhkəmə orqanları, polis əməkdaşları və bütün dövlət qulluqçularına, eləcə də məhkəmə qərarının tələblərinə riayət etmələrini xahiş edirəm” deyib.
Polis qrupları CHP ümumi mərkəzinin dayanacaq qapısını aşaraq binaya daxil olub.
“CNN TÜRK” müxbiri Arda Erdoğan ümumi mərkəz binasında polis müdaxiləsinin davam etdiyini bildirib. Dayanacaq qapısı polis gücü ilə açılıb. Girişdə yerləşdirilən partiya mikroavtobusları ordan çıxarılır. Bibər qazı və rezin güllələrdən istifadə edilərək müdaxilə həyata keçirilib. Jurnalistlərin də bibər qazından ciddi şəkildə təsirləndiyi qeyd olunub.
Polis əməkdaşları ilə media nümayəndələri arasında anlaşılmazlıqlar yaşanıb. İçəri girə bilən jurnalistlər də binadan çıxarılıb.
Özgür Özəl də polis müdaxiləsi zamanı X hesabında paylaşdığı video ilə açıqlama verib: “Buradan çıxmayacağıq. Bundan sonra sonadək müqavimət göstərəcəyik və əgər bizi buradan çıxarsalar, iqtidar yürüşümüzü meydanlarda davam etdirəcəyik. Biz CHP-nin ümumi mərkəzindəyik, Atatürkün əmanəti olan bu məkandayıq. Bir hücum altındayıq”.









