Bir qrup sahibkar Cənub Yük Terminalında baş verən özbaşınalıqlardan və tətbiq edilən yeni cərimələrdən şikayətçi düşüblər.
Tribuna.az xəbər verir ki, onlar sözügedən terminalda son günlər yüklərin boşaldılmasına görə, cərimə ilə üzləşiblər.
Sahibkarlar redaksiyamıza bildirib ki, Akşin Talıb oğlu Mirzəyev Cənub Yük terminalının direktoru təyin olunana qədər belə bir cərimə olmayıb:
“Lakin onun təyinatından sonra sahibkarlar üçün müxtəlif bəhanələrlə problemlər yaradılmğa başlayıb. Yüklərin boşaldılması üçün tətbiq edilən “cərimə” də bununla bağlıdır”.
İşin qəribə tərəfi budur ki, yeni rəhbərlik cəriməni manatla deyil, dollarla tələb edir.
Bəllidir ki, Azərbaycan Respublikasının milli valyutası manatdır. Bütün ödənişlər məhz manatla həyata keçirilməlidir. Amma Akşin Mirzəyevin manatla deyil, dollarla bunu həyata keçirməklə, əslində, qanunlarımıza hörmət etmir.
İş adamları bildirirlər ki, Akşin Mirzəyev “cərimə”ni hansı səbəbdən tətbiq etdiyini əsaslandırmaqdan imtina edir. Yalnız, “yeni qaydalar belədi” deməklə kifayətlənir.
Lakin sahibkarlar deyirlər ki, bu vəziyyət onları ikiqat xərcə salmış olur. Onlar qeyd edirlər ki, Azərbaycan tərəfində yüklərin boşaldılmasına görə, cərimə ödəməklə yanaşı, eyni anda İran tərəfində də onlar üçün anbar pulu yazılır.
Maraqlı məqamlardan biri də odur ki, bu cərimə tranzit mallar üçün də keçərlidir.
Məsələn, İrana taxta materialları daşıyan iş adamları qeyd edirlər ki, onlar daha çox pul ödəmək məcburiyyətində qalıblar.
Məsələ ilə bağlı sözügedən terminalın rəhbərliyi və rəsmi şəxsləri ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.
Qarşı tərəf olaraq, onların da mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.
***
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən Tribuna.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Astara Terminalında (İran) göstərilən xidmətlərin qiymətləri “Azərbaycan Dəmir Yolları” QSC-nin Yük daşımaları üzrə tarif və qiymət Komissiyasının 15.04.2026-cı il tarixli protokolu ilə təsdiq edilib:
“Protokola əsasən, yükün terminalda saxlanması (72 saat sonra) hər 1 ton/gün üçün 0,30 ABŞ dolları təşkil edir.
Nəzərə alınmalıdır ki, terminalda sıx şəkildə yük əməliyyatları həyata keçirilir, bu halda yüklərin terminalda daha uzun müddətə saxlanması halları əməliyyatların operativliyinə təsir edir.
Qeyd edək ki, Astara Terminalı İran İslam Respublikası ərazisində yerləşir və Azərbaycan və İran hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, Azərbaycana icarəyə verilib. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm seqmentlərindən biri olan Astara Terminalında göstərilən xidmətlərin dəyəri beynəlxalq yükdaşıma əməliyyatlarını bir hissəsi kimi ABŞ dolları ilə hesablanır və müvafiq olaraq şəffaf şəkildə kassaya ödənilir”.









