Bunu bilməyənlərin MİDA-dan ev udması sıfıra bərabərdir– Ekspert

Bunu bilməyənlərin MİDA-dan ev udması sıfıra bərabərdir– Ekspert 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümid edək dünən keçirilən onlayn satışın etibarlılığı ilə bağlı MİDA, DTX, XRİTDX və digər əlaqəli qurumlar tərəfindən araşdırmalar aparılacaq və ağlabatan bir açıqlama veriləcək. Xatırladım ki, 3 il öncə məhz DTX -nın müdaxiləsindən sonra satışın nəticələri ləğv edilmişdi.
Proses nə qədər insan amili olmadan, texnologiyalar vasitəsilə həyata keçirilsə də, bəri başdan mahiyyətində bir ədalətsizlik var.

Tribuna-nın məlumatına görə, bu sözləri dünən MİDA-nın baş tutan növbəti mənzil satışını dəyərləndirən Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib. O qeyd edib ki, yenə də satışdan sonra xeyli etirazlar və narazılıqlar, informasiya sisteminin fəaliyyətinə ciddi iradlar, təkliflər və rəylər var:

“Xüsusən də, istifadəçilər ümumiyyətlə satış başlayan anda texniki problemlərlə üzləşdiklərini, ekrana xəta xəbərdarlığının çıxmasını, növbəti mərhələyə keçidin mümkün olmamasını bildiriblər. MİDA əvvəlki satışlardan fərqli olaraq bu dəfə ictimai nəzarətin təşkilinə önəm verməyib.
Bu satışda hələlik ən diqqətçəkən məqam odur ki, MİDA satışın baş tutması ilə bağlı heç bir rəsmi açıqlama verməyib. Nə baş verməsi, hansı qurumların prosesdə iştirak etməsi, ilk satışın hansı müddətə baş tutması haqqında, bir daha xatırladıram ki, əvvəlkilərdən fərqli olaraq, bu dəfə açıqlama verilməyib.
Adətən MİDA satış başa çatan anda ilkin açıqlamalar verirdi.

Qanunvericilikdə kritik qurumların siyahısı qapalı məlumat olsa da, kritik infrastrukturun tərifindən belə anlaşılır ki MİDA bu infrastrukturun subyektidir.
Belə olan halda qurum, onun informasiya sistemi DTX və XRİTDX -nin nəzarət perimetrinə daxil olur.
Ümid edək keçirilən onlayn satışın etibarlılığı ilə bağlı da MİDA, DTX, XRİTDX və digər əlaqəli qurumlar tərəfindən araşdırmalar aparılacaq ağlabatan bir açıqlama veriləcək.

Xatırladıram ki, 3 il öncə məhz DTX -nın müdaxiləsindən sonra satışın nəticələri ləğv edilmişdi.
Məhz bundan sonra MİDA sistemində bir xeyli təkmilləşmələr aparılmış, ilk mənzil satışın müddəti xeyli artmışdır”.

Mütəxəssis bildirib ki, əgər 2022-ci ilədək, Bot-ların meydan suladığı vaxtlar ilk mənzil seçimi 4 -10 saniyə müddətində baş tutmuşdusa, DTX nəzarəti gücləndirəndən sonra bu müddət 30 saniyə ətrafında olurdu:

“Proses nə qədər insan amili olmadan, texnologiyalar vasitəsilə həyata keçirilsə də, bəri başdan mahiyyətində bir ədalətsizlik var.
Rəqəmsal bacarıqları yetərli olmayanların bu prosesdə uduş şansı elə öncədən sıfıra bərabərdir.

Odur ki, güzəştli mənzillər üçün daha ədalətli alternativ seçim imkanları yaratmaq çox vacibdir.
Bu istiqamətdə təkliflərimizi MİDA-ya təklif etmişik”.

Gülşən Rəsul