Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, Kamran Əsədov olayında əlavə təhlillər aparılacaq və yeni saxtakarlıq halları aşkarlanarsa, həmin şəxslər ali məktəblərdən xaric ediləcək.
Bəs Dövlət İmtahan Mərkəzinin hazırladığı imtahan suallarını “bunker” adı ilə baha qiymətə abituriyentləri hazırlaşdıran müəllimlər, o sualları əldə etmək, müəllimlərə ötürmək nə dərəcədə qanunidir? Yüksək qiymətə bu suallarla hazırlaşan imkanlı təbəqənin övladı universitetə rahatlıqla qəbul olanda, kasıb təbəqə əziyyətlə nail olur. Burada ədalətsizlik yoxdurmu?
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, Məleykə xanımın çıxışında müəyyən həqiqətlər də var. Amma hər bir şəxs, o cümlədən Məleykə xanım baş verənləri öz prizmasından, yəni Dövlət İmtahan Mərkəzi prizmasından izah edir.
E. Qafarovun sözlərinə görə, ilk növbədə Dövlət İmtahan Mərkəzi dövlətin strateji fəaliyyətini həyata keçirən bir qurumdur. Əgər kimsə bu qurumun keçirdiyi imtahanlarda qeyri-qanuni üsullarla, qaydalara zidd olaraq hansısa nailiyyətlər və maraqlar güdürsə, bu sadəcə sadəlövhlük olardı. Dövlət İmtahan Mərkəzi artıq müstəqilliyimizlə yaşıddır. Məleykə xanım qurumda çox güclü və peşəkar komanda yığıb. Güclü texniki vasitələr var. Düşünürəm ki, bu texniki vasitələrlə peşəkar komandanı aldatmaq ancaq saflıq olardı.
Bunker müəllimlər məsələsinə toxunan E. Qafarov qeyd edib:
“Marker müəllim özü də bir statusdur. Başqaları 50-100 manata hazırlaşdırdığı halda, marker müəllimlər 200-300 bəlkə 500 manata hazırlayanlar da olur. Marker müəllim adını kim verir? Deyək ki, Dövlət İmtahan Mərkəzi… Marker müəllimlər Hansı, işi görür? Deyək ki, sualı yoxlayır. Nəticə etibarı ilə bunun özü də böyük bir biznesdir? Marker müəllim statusunda olanlar repititorluqdan daha üstün qiymətlərlə müəyyən olunur. Niyə bu müəllimlərə yüksək pul verirlər? Çünki Dövlət İmtahan Mərkəzinin sualları ilə işləyirlər. Onlar bilirlər hansı, istiqamətdə suallar düşür. Amm bu o demək deyil ki, marker müəllimlər sualları ötürə bilərlər. Bu mümkünsüzdür. Dövlət İmtahan Mərkəzinin texniki imkanları və iş prinsipi o qədər mükəmməldir ki, orada hər hansı bir qeyri-adekvat addım atmaq mümkün deyil.”
Dəniz Pənahova










