İddia olunur ki, brokoli təbiətdə öz-özünə yaranan bitki deyil. Məlumata görə, brokoli kələm və gül kələminin seleksiya yolu ilə dəyişdirilməsi nəticəsində əldə edilib. Bu iddia brokolinin “təbii” mənşəyi ilə bağlı müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən qida mütəxəsisi-ekspert Ağa Salamov bildirib ki, brokoli haqqında olan bu iddialar həmin insanların reytinq qazanması üçün atılmış addımlardır. Onlar heç bir elmi əsası olmayan fikirlər iddia edirlər.
Ağa Salamovun sözlərinə görə, ümumiyyətlə, brokoli insan orqanizmi üçün əvəzolunmaz bir məhsuldur. Brokolinin 100 qramında səhv etmirəmsə, 43 kilo kalori olmalıdır. Burada onun tərkibində olan minerallar, vitaminlər, liflər insan orqanizmi üçün əvəzolunmazdır. Qaraciyər, mədə florası üçün faydalıdır. Kalori dəyəri aşağı olduğuna görə, dieta saxlayanlar üçün sağlam qidalanma hesab olunur.
Mütəxəssis xüsusi bir məqama diqqət çəkib:
“Keyfiyyətsiz məhsullar həmişə çox olur, keyfiyyətli məhsullar isə az tapılır. Eynən kənd məhsulları ilə market məhsulları (sənaye məhsulları) kimi”.
Brokolinin çiy yeyilməsindən bəhs edən A. Salamov əlavə edib:
“Əgər brokoli çiy yeyilərsə, bu zaman mədədə şişkinlik yarana bilər. Qida dözümsüzlüyü yaratdığına görə, həzm prosesini pozur və orada qaz, köp, şişkinlik əmələ gəlir, ağırlıq hissi yaradır”.
Zob xəstəliyi olanların brokoli yeməsi barədə vacib detala toxunan ekspert qeyd edib:
“Zob xəstəliyi, gizli zob, xroniki zob, tiroid vəzi xəstəliklərindən əziyyət çəkən insanlar brokolini çiy yeyərsə, qismən zərərli ola bilər. Çünki yodun sovrulmasının qarşısını alır. Onsuz da bu dəqiqə heç nədə yod yoxdur. Təkcə kənd məhsullarında və qozda yod var. Kənd məhsulları da yox kimi bir şeydir”.
Dəniz Pənahova









