Azərbaycanda minimum aylıq əməkhaqqı hazırda 400 manat olsa da, artan yaşayış xərcləri fonunda vətəndaşlar bu məbləğin yenidən artırılacağını gözləyirlər. Sosial ödənişlərin növbəti dəfə artırılıb-artırılmayacağı ilə bağlı müzakirələr də davam edir.
Bəs yaxın vaxtlarda minimum əməkhaqqının artırılması real görünürmü, bunun üçün iqtisadi imkanlar və hüquqi əsaslar varmı?
“Bildiyiniz kimi, qanunvericiliyə əsasən, minimum əməkhaqqının məbləğinə ildə bir dəfə baxılmalıdır. Hazırda ölkədə qeyri-neft sektorunun inkişafı və artımı, inflyasiya səviyyəsi, eləcə də əhalinin yaşayış səviyyəsi minimum əməkhaqqının artırılması üçün daha real imkan və şərait yaradır. Digər tərəfdən, minimum əməkhaqqının artırılması vahid tarif cədvəli üzrə digər vəzifələrin əməkhaqqına da təsir göstərəcək. Hazırda minimum əməkhaqqı orta əməkhaqqının təxminən 30-35 faizinə bərabərdir və bu göstəricinin artırılmasına ciddi ehtiyac var”.
İqtisadçı hesab edir ki, minimum əməkhaqqının artırılması üçün həm iqtisadi, həm də hüquqi əsaslar mövcuddur:
“Bu artım digər istiqamətlərə də öz təsirini göstərə bilər. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, minimum əməkhaqqının artırılması özəl sektorda fəaliyyət göstərən sahibkarların yükünü, o cümlədən sosial ödənişlərlə bağlı xərclərini artıra bilər. Qeyri-neft sektorunun inkişaf etdirilməsinin əsas hədəflərdən biri olduğu bir şəraitdə özəl sektorun üzərinə düşən əlavə yük də diqqətlə qiymətləndirilməlidir. Ona görə də hesab edirəm ki, məsələyə hərtərəfli iqtisadi təhlil və ciddi araşdırmalardan sonra baxıla bilər”.









