Bu kənddə iftar vaxtı heç kim evdə yemək bişirmir – 600 nəfərlik Ramazan həmrəyliyi (VİDEO)

Bu kənddə iftar vaxtı heç kim evdə yemək bişirmir – 600 nəfərlik Ramazan həmrəyliyi (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Nevşehir vilayətinə bağlı Eğrikuyu kəndində maraqlı qərar qəbul edilib. Kənd muxtarı Nihat Ateşin təşəbbüsü ilə Ramazan ayında iftar vaxtı evlərdə ayrı-ayrılıqda yemək bişirmək əvəzinə, bütün kənd sakinlərinin bir araya gələrək toplu iftar açması qərara alınıb.

Tribuna.az xəbər verir ki, pandemiya dövründə evlərə yemək paylanması ilə başlayan bu tətbiqin son dörd ildə bir ənənəyə çevrildiyini bildirən kənd sakinləri, gündəlik 600 nəfərlik iftar yeməyini imecə üsulu ilə hazırladıqlarını deyiblər. Kənd sakini Nursel Şahin bildirib: “Hamı burada birləşir, görüşür. Zəhməti keçənlərdən Allah razı olsun”. Figen Eryılmaz isə qeyd edib: “Pandemiya dövründə yeməklər evlərə çatdırılırdı, indi isə hamımız birlikdə iftar edirik. Təkcə kənd sakinləri yox, ətraf kəndlərdən gələnlər də olur”.

Kənd imam-xətibi Ali Karataş bildirib: “Bu tətbiq başlamazdan əvvəl iftar yeməkləri evlərdə verilirdi. 2021-ci ildən etibarən toplu yeməklər təşkil olunmağa başladı. Beləliklə daha çox qonaq qəbul edə bilirik”.

Kənd muxtarı Nihat Ateş isə deyib: “İftar vaxtı mədəniyyət evində bir araya gəlirik. Küslü və incik olanlar da daxil olmaqla bütün kənd sakinləri eyni dam altında oruclarını açırlar. Gündəlik 600 nəfərlik yemək hazırlanır”. Yeməklərin xərclərinin xeyriyyəçilərin dəstəyi ilə qarşılandığını bildirən Ateş əlavə edib: “Bu kənddə birlik və həmrəylik ən yüksək səviyyədədir. Kəndlilərimizin dəstəyi ilə bu xidməti davam etdiririk. Yeməkdən əvvəl və sonra gənclər imecə üsulu ilə kömək edir. Həmçinin yaşlı və xəstə insanlara yeməklər çatdırılır, bölgədəki təhlükəsizlik, səhiyyə və hava limanı əməkdaşlarına da iftar yeməyi göndərilir”.

İmran Kərimli