Təəssüflər olsun ki, Azərbaycandan kənarda bloggerlik fəaliyyəti göstərən ayrı-ayrı şəxslər ölkəyə hücumları ilə diqqət mərkəzindədirlər. Onlar Azərbaycan hakimiyyətini hədəfləsələr də, bir çox hallarda Azərbaycanın dövlət maraqlarına zidd mövqe sərgiləyirlər. Təəssüf ki, bu, bir çox hallarda Azərbaycana dost münasibəti sərgiləməyən dövlətlərin apardığı siyasətlə, bir sıra Avropa qurumlarının Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsi ilə eyni vaxta təsadüf edir. Bu da onların eyni mənbədən idarə olunması təəssüratı yaradır.
Bu sözləri Tribuna.az-a açıqamasında millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib. O qeyd edib ki, həmin bloggerlik fəaliyyəti göstərən şəxslər sığındıqları ölkələrin müxtəlif qurumları ilə bu və ya digər formada əlaqədədirlər:
“Onlar həmin qurumlar tərəfindən maliyyələşdirilir və onların qoruması altındadırlar. Ona görə də bu şəxslərin əməlləri təkcə Azərbaycan hakimiyyətinə qarşı deyil, bütövlükdə Azərbaycan dövlətinə qarşı kimi qiymətləndirilməlidir.
İnsanın mövqeyi milli maraqlara, dövlət maraqlarına xidmət etmirsə, bunu başqa cür qiymətləndirmək mümkün deyil.
Azərbaycan 30 ildən sonra torpaqlarını işğaldan azad edib, öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bütün bunlardan sonra ölkəmizə qarşı müxtəlif mənbələrdən hücumlar artıb.
Bunların fonunda həmin bloggerlik fəaliyyəti ilə məşğul olan şəxslərin də bu xora qoşulması təəssüf hissi yaradır.
Azərbaycana dost olmayan ayrı-ayrı qurumların və qüvvələrin maraqları kontekstində çıxışlar edilirsə, Azərbaycanı və Azərbaycan dövlətçiliyini, milli maraqlarını qorumaq istiqamətində mövqe sərgilənmirsə, bu, artıq ciddi suallar yaradır. Bu, bloggerliklə məşğul olan şəxslərin konkret olaraq eyni mərkəzdən idarə olunması və Azərbaycan əleyhinə fəaliyyət göstərməsi fikrini gücləndirir”.
Nigar İxtiyarqızı









