Gülpəri Bayramova: “Azərbaycan iqtisadiyyatı artıq təkcə makroiqtisadi sabitlik mərhələsində deyil, keyfiyyət yönümlü inkişaf fazasına daxil olub”
“Azərbaycan iqtisadiyyatının 2025-ci il inkişaf trayektoriyası regional və qlobal iqtisadi proseslər fonunda ölkəmiz üçün yeni strateji transformasiya mərhələsinin əsasını qoydu. Bu dövrdə həyata keçirilən institusional islahatlar, biznes mühitində şəffaflığın və rəqabət elementlərinin gücləndirilməsi, eləcə də real sektorun dayanıqlı inkişafına yönəlmiş siyasət daxili bazarın dərinləşməsi və ixrac strukturunun diversifikasiyası baxımından ciddi nəticələr verdi”.
Bunu “Tribuna”ya Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədri, “Agromix” şirkətinin və Xocavənd Yağ Emalı zavodunun təsisçisi Gülpəri Bayramova 2025-ci ilin iqtisadi yekunlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, 2025-ci il ərzində əsas prioritetlər istehsalın modernləşdirilməsi, innovasiya yönümlü sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunda dəyər zəncirinin genişləndirilməsi və “Made in Azerbaijan” brendinin qlobal bazarlardakı mövqelərinin gücləndirilməsi istiqamətində hiss olunan irəliləyişlərlə yadda qaldı: “2025-ci ilin nəticələri göstərdi ki, Azərbaycan iqtisadiyyatı artıq təkcə makroiqtisadi sabitlik mərhələsində deyil, keyfiyyət yönümlü inkişaf fazasına daxil olub. İstehsalın dərinləşdirilməsi, ixracın struktur baxımından çevikləşməsi və yerli biznes subyektlərinin regionda daha güclü mövqeyə çıxması bu ilin əsas nailiyyətləri sırasında yer aldı. Xammal yönümlü modeldən əlavə dəyər yaradan, innovativ və məsuliyyətli biznes mədəniyyətinə keçid prosesinin praktiki təsirləri artıq real sektorda görünməyə başlayıb”.
O qeyd edib ki, 2025-ci ildə regional iqtisadi inteqrasiya, istehsal-logistika-ixrac zəncirinin vahid strateji platforma üzərində qurulması istiqamətində biznes strukturlarının fəallığı artıb: “2025-ci ildə formalaşan ən mühüm nəticələrdən biri sahibkarların iqtisadi proseslərin fəal tərəfdaşına çevrilməsidir. Korporativ idarəetmə mədəniyyətinin yenilənməsi, resurslardan səmərəli istifadə, yerli brendlərin rəqabət qabiliyyətinin artması 2026-cı il üçün daha güclü institusional baza yaradır. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən iqtisadi layihələr 2025-ci ildə real sektorun genişlənməsi və ixracyönlü istehsal strukturunun formalaşmasına əhəmiyyətli töhfə verib. Bu ərazilərdə görülən işlər sırf investisiya layihəsi deyil, strateji iqtisadi məzmun daşıyır. Hər bir yeni müəssisə Azərbaycanın iqtisadi suverenliyini və resurs müstəqilliyini gücləndirir”.
BPC sədri 2026-cı ildə biznes subyektlərinin bu prosesdə iştirakının daha da genişlənəcəyi qənaətindədir: “Heç şübhəsiz ki, bu, uzunmüddətli inkişaf trayektoriyasına pozitiv təsir göstərəcək. 2025-ci ildə dövlət-özəl tərəfdaşlığı modeli də daha çevik və nəticəyönlü xarakter daşıdı. Strateji koordinasiya mexanizmlərinin güclənməsi investisiya mühitini daha şəffaf, iqtisadi qərarların icrasını isə daha proqnozlaşdırılan etdi. Bu tendensiyanın 2026-cı ildə dərinləşdirilməsi Azərbaycan biznesinin regional iqtisadi liderlik mövqelərini möhkəmləndirəcək. 2026-cı ildə “Made in Azerbaijan” brendinin təqdimat fəlsəfəsi məzmun baxımından daha sistemli mərhələyə keçəcək. Gələn ilin əsas hədəflərindən biri məhsulun yalnız ixracı deyil, onun arxasında dayanan texnoloji keyfiyyət və istehsal mədəniyyətinin qlobal auditoriyaya təqdim edilməsidir. Azərbaycan brendlərinin beynəlxalq bazarlarda etibarlılıq və rəqabət dayanıqlığı 2026-cı ilin strateji prioritetləri sırasında olacaq” – müsahibimiz vurğulayır.
Əlavə edir ki, , qarşıdakı il üçün iqtisadi fəlsəfə dayanıqlı inkişaf, məsuliyyətli istehsal, güclü yerli brendlər və inklüziv biznes ekosistemi üzərində qurulmalıdır: “2025-ci ilin yekunları göstərir ki, Azərbaycanda formalaşan yeni iqtisadi model yalnız bugünkü nəticələr üçün deyil, gələcək nəsillər üçün də möhkəm inkişaf platforması yaradır. 2026-cı ildə bu modelin institusional dərinləşdirilməsi milli iqtisadi gücümüzün və beynəlxalq nüfuzumuzun əsas təminatlarından biri olacaq” – deyə, Bayramova fikrini yekunlaşdırır.









