“Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır.
Tribuna.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində sakinlərlə görüşündə deyib.
Dövlət başçısı sakinləri doğma torpağa 34 ildən sonra qayıdışı münasibətilə təbrik edərək qeyd edib:
” Şükür Allaha, torpaqlarımız işğalçılardan azad olundu və bütün keçmiş köçkünlər yavaş-yavaş öz dədə-baba torpaqlarına qayıdırlar, o cümlədən bu gün Kərkicahan qəsəbəsinə də keçmiş köçkünlər qayıdıb və bu qayıdış prosesi davam edir. Yəni “Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır. Siz isə uzun illər çətin şəraitdə, həm fiziki, həm mənəvi əzablar içində yaşamısınız. Artıq buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük xoşbəxtlikdir, həm sizin üçün, həm də xalqımız üçün”.
Prezident İlham Əliyev: 1991-ci il dekabrın sonunda Ermənistan dövləti sizi öz dədə-baba torpağınızdan didərgin salmışdı. Dekabrın sonu idi və indi 2025-ci il dekabrın sonunda ədalət burada da, bu torpaqda da tam bərqərar olur. Əlbəttə, təsəvvür etmək çətin deyil ki, bu illər ərzində necə əzab-əziyyət içində yaşamısınız. Həm ev şəraiti, həm mənəvi əzab, ədalətsizlik hissi. Amma əminəm, siz də bütün xalqımız kimi inanırdınız ki, gün gələcək və biz buraya qayıdacağıq. İki il bundan əvvəl antiterror əməliyyatı nəticəsində Kərkicahan qəsəbəsi Xankəndi şəhəri ilə birlikdə işğalçılardan azad edilmişdir və artıq burada həyat yenidən qurulur.
Mən oktyabr ayında bu qəsəbəyə gəlmişdim. O vaxt göstəriş verdim ki, evlər, məktəb təmir olunsun, digər lazımi infrastruktur layihələri icra edilsin. Bu gün qəsəbə ilə tanış olarkən görürəm ki, hər şey yüksək səviyyədə təşkil olunub, qəsəbə göz oxşayır. Əlbəttə ki, bu, qəsəbənin, bərpasının birinci mərhələsidir. Çünki işğal dövründə düşmən buranı da yararsız vəziyyətə salmışdı. Evlərin bir çoxunda heç yaşamaq mümkün deyil. Ona görə təqribən iki ilə yaxın təmir-bərpa işləri aparılıbdır. İndi isə artıq qəsəbənin bəzi küçələri tam abadlaşdırılıb, evlər tam hazır vəziyyətə gətirilib və burada yaşamaq üçün bütün şərait var.









