Boşanmadan sonra aliment ödənişi – Qanun nə deyir?

Boşanmadan sonra aliment ödənişi – Qanun nə deyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Boşanmadan sonra ən çox yaranan hüquqi məsələlərdən biri də yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün alimentin ödənilməsidir. Tərəflər arasında bu məsələdə razılıq əldə olunmadıqda, alimentin tutulması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Tribuna.az xəbər verir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu öhdəlik nikahın davam etməsindən və ya pozulmasından asılı deyil. Yəni boşanmadan sonra da hər iki valideyn övladının saxlanılmasında iştirak etməlidir.

Qanunvericiliyə görə, valideynlər uşağın saxlanılması qaydası və alimentin ödənilməsi barədə öz aralarında razılığa gələ bilərlər. Tərəflər arasında razılıq əldə olunarsa, aliment könüllü qaydada ödənilir.

Lakin valideynlər arasında razılıq olmadıqda və ya onlardan biri uşağın saxlanılması üçün vəsait ayırmadıqda, aliment məhkəmə qaydasında tutulur. Bu, Ailə Məcəlləsinin 75.4-cü maddəsində öz əksini tapıb.

Qanun uşağın mənafeyinin qorunmasını da təmin edir. Belə ki, valideynlərdən heç biri alimentin tutulması üçün məhkəməyə müraciət etmədikdə və uşaq lazımi qaydada təmin olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı və ya qəyyumluq və himayə orqanı yetkinlik yaşına çatmayanın maraqlarının müdafiəsi məqsədilə alimentin tutulması barədə məhkəmədə iddia qaldıra bilər.

Qanunvericilik boşanmadan sonra uşağın maddi təminatını valideynlərin birgə məsuliyyəti kimi müəyyən edir. Valideynlər bu öhdəliyi könüllü şəkildə yerinə yetirmədikdə isə aliment məhkəmə qərarı əsasında tutulur.

Qaynarinfo