Bir ildə 39 milyonluq tender qazanan “Epidbiomed”in adı saxta dərman satışında hallanıb

Bir ildə 39 milyonluq tender qazanan “Epidbiomed”in adı saxta dərman satışında hallanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dövlət Sərhəd Xidməti (DSX) vaksin və zərdabların satın alınması ilə bağlı tenderə yekun vurub.
 Tribuna.az  Qaynarinfo-a istinadən xəbər verir ki, tenderin qalibi “Epidbiomed” şirkəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 254 876,88 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr sənədlərində göstərilir ki, “Epidbiomed” MMC 19 noyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 6-da yerləşir.
Şirkətin qanuni təmsilçisi Məmməd Əli Əliyevdir. Onun haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Mediada gedən məlumatlara görə, şirkətin təsisçisi Əliyev Namiq Sabir oğludur. İddialara görə, o Məmməd Əli Əliyevin qardaşıdır.
Namiq Əliyev 2018-ci ildə cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt yayılan rəsmi məlumatlarda qeyd edilir ki, “Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda, orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.
Həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunub və barələrində həbs qətimkan tədbiri seçilib.
“Epidbiomed” şirkəti bundan əvvəl Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə müqavilə imzalayıb. Maliyyə dəyəri 47 888,25 manat olan Həmin müqavilə dərman və sarğı ləvazimatlarının satın alınması ilə bağlı olub.
Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, “Epidbiomed” şirkəti satınalma müsabiqələrində fəal iştirak edir.
Şirkət cari ildə 1, ötən ildə isə 14 tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 39 090 236,28 manatdır.