Bir ay yuyulmadan geyinilə bilən futbolka yaradıldı-FOTO

Bir ay yuyulmadan geyinilə bilən futbolka yaradıldı-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın HercLéon şirkəti 30 günədək yuyulmadan geyinilə bilən HercShirt V5.0 futbolkasını təqdim edib.

Tribuna.az yazır ki, Dexerto-nun məlumatına görə, məhsulun hazırlanması təxminən 10 il çəkib və o, 100 ölkədən 10 mindən çox insanın iştirakı ilə sınaqdan keçirilib.

Şirkətin bildirdiyinə görə, futbolkanın əsas üstünlüyü xüsusi hopdurucu maddələrdə deyil, parçanın liflərinə birbaşa inteqrasiya edilmiş metallarda və minerallardadır. Bu texnologiya sayəsində təsir paltarın bütün istifadə müddəti ərzində qalır.

Parçanın tərkibinə mis, gümüş, sink, qızıl və vulkanik kül daxildir. Şirkət daha iki komponentin formulasını isə kommersiya sirri olduğu üçün açıqlamır.

Mütəxəssislərin sözlərinə görə, mis və gümüş xoşagəlməz qoxuya səbəb olan bakteriyaların çoxalmasının qarşısını alır, sink güclü tərləmə zamanı yaranan birləşmələri neytrallaşdırır, vulkanik kül isə nəmliyi və tüstü, yemək qoxusu kimi kənar qoxuları özünə hopdurur.

Bununla belə, texnologiya yalnız qoxunun yaranmasını ləngidir. Futbolka ləkələndikdə və ya çirkləndikdə onu yenə də yumaq lazım gələcək.

Məhsul üç versiyada təqdim olunub:

  • 3 gün yuyulmadan istifadə üçün;
  • 14 gün istifadə üçün;
  • 30 gün istifadə üçün.

Ən bahalı model 79 dollar, digər versiyalar isə 39 dollardan başlayır.

Layihə kraudfandinq platformasında təqdim edilib və qısa müddətdə 268 min dollardan çox vəsait toplayıb. İlk sifarişlərin bu ilin noyabrında müştərilərə çatdırılması planlaşdırılır.

İmran Kərimli