Binəqədi rayon sakinləri icra hakimiyyətinin hərəkətsizliyindən, rayonun bərbad yollarından, şikayətlərinə baxılmamasından narazıdır.
Tribuna.az xəbər verir ki, sakinlər bu barədə Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi Feysbuk səhifəsinə yazırlar. İcra hakimiyyəti rayonda ara-sıra gördüyü işləri, icra başçısı Elxan Allahverdiyevin görüşlərini paylaşması sakinləri hiddətləndirir. Bir çox sakin bu cür paylaşımların altına şikayətlərini qeyd edirlər. Həmçinin bildirirlər ki, onların yazdığı şikayətlər, narazılıq dolu mesajlar dərhal səhifə adminləri tərəfindən silinir.
Binəqədi rayon sakini Naib Hüseynov bildirib ki, rayonun əsas yolları ara-sıra düzəldilir, lakin kənd yollarına illərdir baxan yoxdur:
“Binəqədi kəndini də arada yada salın. Burada yaşayanlar da binəqədilidi. Bir həftədir bu əraziyə avtobus gəlmir yolun bərbad olmasına görə. Xəstəsi, yaşlısı, uşağı – 2-3 km yolu piyada getməli olur. 150 metrlik yoldu. Bunu düzəltmək nə çətin işdir ki?”.
Digər sakin Samir Soltanov isə səhifəyə yazdığı şikayətlərin silinməsindən narazıdır:
“Yol ilə bağlı yazdığım şikayəti niyə silirsiniz? Həm işinizi görmürsünüz, həm də deyirsiz ki, heç nə tələb etməyin? İndi biz nə edək, prezidentə necə məlumat verək ki, Binəqədi rayon İcra Hakimiyyəti işini görmür”.
İcra hakimiyyətinin məsələylə bağlı mövqeyini öyrənməyə çalışsaq da, zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini, məsələ ilə bağlı cavabını işıqlandırmağa hazırıq.
Gülşən Rəsul











