Beyində iltihabı azalda bilən bitki açıqlanıb

Beyində iltihabı azalda bilən bitki açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki,  Food & Function jurnalında dərc olunan araşdırmaya görə, alimlər gündəlik həyatda tanınan bir bitkinin beyin iltihabını azaltmaq potensialına malik olduğunu müəyyən ediblər. Tədqiqat Aberdin Universiteti mütəxəssisləri tərəfindən aparılıb.

Araşdırma nəticələrinə görə, söhbət yabanı melissadan gedir. Bu bitkinin tərkibində güclü antioksidant təsirə malik təbii maddələrin çox olduğu müəyyən edilib. Həmin maddələr orqanizmdə iltihabı azaltmağa və hüceyrələri zədələnmədən qorumağa kömək edir.

Laboratoriya şəraitində aparılan sınaqlar göstərib ki, melissa ekstraktı oksidləşdirici stress zamanı sinir hüceyrələrini qoruyur. Heyvanlar üzərində aparılan testlərdə isə bu maddənin iltihabla bağlı bəzi genlərin aktivliyini azaltdığı, əvəzində isə yaddaş və öyrənmə ilə bağlı vacib zülalın səviyyəsini artırdığı məlum olub.

Bundan əlavə, Altsheymer tipli neyrodegenerativ prosesləri modelləşdirən sınaqlarda da melissa ekstraktının iltihab göstəricilərini azaltdığı müşahidə olunub.

Alimlər bildirirlər ki, bu nəticələr hələ ilkin mərhələyə aiddir və insanlar üzərində klinik tədqiqatlar aparılmayıb. Buna baxmayaraq, melissanın gələcəkdə beyin sağlamlığını qoruyan qida əlavələri və funksional məhsullar üçün perspektivli bitki olduğu düşünülür.

İmran Kərimli