Niderland parlamenti aprelin 16-da Azərbaycanda həbsdə olan separatçıların “əsir” kimi təqdim edilərək azad olunması və qondarma erməni soyqırımının tanınması ilə bağlı iki qətnamə qəbul edib. Həmin gün Belçika Nümayəndələr Palatası da Qarabağı könüllü tərk etmiş ermənilərin beynəlxalq zəmanətlərlə geri qayıtmaq hüququnu dəstəkləyib.

Tribuna.az-a danışan professor Qabil Hüseynli Benilüks ölkələrinin bundan əvvəl də ermənipərəst mövqe sərgilədiyini xatırladıb. Onun sözlərinə görə, həmçinin Lüksemburq Azərbaycan əleyhinə qətnamələr qəbul edib: “Bu ölkələrdə erməni lobbisi fəaldır. Onlar daha əvvəl də Qarabağda “etnik təmizləmə” təbliğatı aparırdı. İndi də separatçı məhkumların müdafiəsinə başlanıb. Halbuki Qərb dəyərlərinə zidd mövqe tutulur. Niderland və Belçika insan haqlarını üstün tutursa, suverenliyi ən ümdə məsələ sayırsa, o zaman Azərbaycan ərazilərində xunta rejimi quranlara qahmar çıxmamalıdır. Üstəlik, onları 30 il Rusiya himayə edib, indi bu dövlətlər kimlərə dəstək olduqlarının fərqindədirmi?”
Professor qeyd edib ki, Avropa ölkələrinin bu bəyanatları erməni lobbisinin sifarişinə xidmət edir: ” Ermənilərin qayıdışı haqda çağırışlar boşboğazlıq və avantüradır. Çünki bu adamları qovan olmayıb, özləri könüllü gedib. Hətta dövlət reinteqrasiya proqramı hazırlamışdı. Onlar indi istəyir ki, Qarabağa BMT egidası altında beynəlxalq sülhməramlı qüvvə gəlsin, ermənilər də yaşasınlar, Araik də rəhbərlik etsin. Bunu da yuxuda görərlər və absurd məsələdir. Onlar qayıtmaq istəyirsə, əvvəla getməzdilər. İkincisi, yol açıqdır və vətəndaşlığı qəbul edə bilərlər. Ancaq əksəriyyəti Ermənistan vətəndaşlığını qəbul edir və bu məsələ bitib. Bakı ilə İrəvan sülh prosesini inkişaf etdirir, Niderland kimi ölkələr isə ara qarışdırır”.
Həsən Ağa









