Bazarda keyfiyyətsiz araqlar artıb: İB sədrindən XƏBƏRDARLIQ

Bazarda keyfiyyətsiz araqlar artıb: İB sədrindən XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azad İstehlakçılar”İctimayi Birliyi (AİİB) spirtli içkilərin minimum qiymətinin müəyyən olunmasına dair hökumətin qərarına etiraz edib.

Bu barədə Tribuna.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib. O qeyd edib ki, bu ilin oktyabr ayında İqtisadiyyat Nazirliyi tərəfindən qablaşdırma həcminə uyğun olaraq, yerli və idxal olunan qeyri – meyvə araqlarının pərakəndə satışının minimum qiymətləri təsdiq olunub və bu qərar noyabr ayının 24 – dən qüvvəyə minib:


“Qərarla təsdiq olunan minimum satış qiymətləri yalnız pərakəndə satışa tətbiq olunub!

Yəni qərarın istehsal müəssiələrinə aidiyyatı yoxdur!

Qərarın qüvvəyə minməsindən keçən bir ay müddətində, istehlakçılardan AİİB-ə daxil olan məlumatlar, araşdırmalar göstərir ki, istehsalçılar üçün minimum satış qiyməti tətbiq olunmadığından bəzi istehsalla məşğul olanlar tərəfindən yenə də ticarət şəbəkələrinə, şadlıq evlərinə, ictimayi-iaşə obyektlərinə hətta maya dəyərindən də aşağı qiymətlərlə keyfiyyətsiz araq (vodka) məhsulları təklif olunur.

2026-cı ildən istehsalda 1 Litr araq (vodka) üçün 5,0 man. Aksiz Vergisi müəyyən edilib. Deməli, istehsal olunan 1 litrlik qablaşdırmada arağın 5,0 manat Aksiz Vergisi və 1,20- 1,50 manatını isə ƏDV təşkil edəcəkdir. Yəni, orta hesabla 6,20-6,50 manatını yalnız Vergi təşkil edir. Məhsulun maya dəyəri, istehsal xərcləri, rentabellik faizi nəzərə alınmaqla 1 Litrlik qablaşdırılmış arağın istehsalçılar tərəfindən minimum satış qiyməti 14,0 manata yaxın olmalıdır! Lakin AİİB-ə istehlakçılar tərəfindən verilən məlumat göstərir ki, bu hesablamalara məhəl qoymayan bəzi istehsalla məşğul olanlar tərəfindən regionlarda 6,0-7,50 manat qiymətlərlə 1 litrlik qablaşdırılmış araq təklif olunur”.

E. Hüseynov bildirib ki, bu cür məhsulların mənbəyi və mənşəyi bəlli olmadığı üçün onların keyfiyyəti də şübhə altındadır:

“Yəni qərar qüvvəyə minənə qədər istehlakçılar pərakəndə satışdan ucuz araq alaraq qiymətdə qənaət edib yalnız keyfiyətdə uduzurdularsa, qərardan sonra istehlakçılar həm qiymətdə, həm də keyfiyyətdə uduzmaya düçar olurlar. Bu istehlakçılarda təbii olaraq narazılığa səbəb olur!

Hökumətin bu qərarı ilə razı deyilik!

Onu da qeyd edək ki, ölkəmizdə 2016-cı ildən alkoqollu içkilərin istehsalı, satışı və idxalı ilə bağlı xüsusi icazələrin (Lisenziyaların) tələbi tamamilə aradan qaldırılıb.

Lisenziyalar ləğv olunana qədər ölkədə şərab istehsalı ilə 19 müəssisə, araq (vodka) istehsalıyla isə 8 müəssisə fəaliyyət göstərirdi. Lisenziyalar ləğv edildikdən bəri bu günə qədər ölkədə yalnız bir yeni şərabçılıq müəssisəsi – “Şirvan Şərabları” MMC (Meysəri) yaradılıb; araq (vodka) istehsalçılarının sayı isə artıq 90-a yaxınlaşıb. Bundan sonra müvafiq nəzarət sxeminin olmaması nəticəsində ölkəyə ucuz və aşağı keyfiyyətdə olan araq (vodka) məhsullarının idxalı kəskin surətdə artmış, alıcıların məlumatsızlığı və ənənəvi düşüncəyə əsasən (idxal olunan malın daha keyfiyyətli olması) idxal olunmuş mallar yerli istehsal olunmuş məhsulların satışını üstələməyə başlamışdır.

Odur ki, haqsız rəqabətə son qoyulması, istehlakçı maraqlarının təmin olunması, vergi yığımının artırılması və spirtli içkilər bazarını keyfiyyətsiz araq məhsullarından təmizləmək məqsədi ilə ən azı qonşu MDB ölkələrinin bu sahədəki təcrübəsinə istinad olunmasını təklif edirik!

2016 ci ildən alkoqollu içkilərin istehsalı, satışı və idxalı ilə bağlı xüsusi icazələrin (Lisenziyaların) ləğv olunmasından sonra Dövlətin biznes qurumları üçün yaratdığı bu əlverişli, toxunulmazlıq jestindən sui-istifadə edib, istehlakçı maraqlarına məhəl qoymayaraq fəaliyyətə başlamış 90-a qədər araq istehsalı müəssiəsində ciddi manitorinqlər keçirilsin və hökumətin minimum qiymətə dair qərarı istehsal müəssiəıərinə də tətbiq olunsun!”.

Nigar İxtiyarqızı