Mütəxəssislər bayram yeməkləri və içkilərindən, o cümlədən spirtli içkilərdən alınan kaloriləri yandırmaq üçün neçə addım atmaq lazım olduğunu müəyyən ediblər.
Tribuna.az xəbər verir ki, Bu məlumatlar WeWard adlı gəzinti tətbiqi tərəfindən dərc edilən indeks əsasında əldə olunub, Daily Mail yazır. Tədqiqatçılar bayram yeməkləri və içkilərinin porsiyalarındakı kalori miqdarını analiz edərək, onları orta templə yeriyən yetkin bir insan üçün tələb olunan addım sayı və gəzinti vaxtına çeviriblər.
İçkilər üçün neçə addım lazımdır
Məlum olub ki, kalorilərindən ən asan xilas olunan içki şampan şərabıdır. Bir bokal təxminən 90 kalori ehtiva edir və onları yandırmaq üçün cəmi 1692 addım — yəni 17 dəqiqəlik gəzinti kifayətdir.
İkinci yerdə şərab və sidr qərarlaşıb. Hər ikisi 120 kalori ehtiva edir və onları yandırmaq üçün 2256 addım və ya təxminən 23 dəqiqə gəzinti lazımdır.
Üçüncü yerdə mimoza içkisi qərarlaşıb — 140 kalori, 2632 addım və ya 26 dəqiqə gəzinti tələb olunur.
“Yumurta likörü və pivə siyahının başındadır — müvafiq olaraq 3948 və 3910 addım, yəni hər ikisi üçün təxminən 39 dəqiqəlik gəzinti lazımdır”, – deyə nəşr yazıb.
Ümumilikdə analitiklər müəyyən ediblər ki, bayram içkilərindən heç biri kalorilərini yandırmaq üçün 40 dəqiqədən çox gəzinti tələb etmir.
Yeməklər üçün neçə addım lazımdır
Mütəxəssislər bayram yeməklərini də analiz ediblər. Məlum olub ki, qızardılmış hinduşka kaloriləri yandırmaq baxımından ən asan yeməkdir: standart porsiya 142 kalori ehtiva edir. Bunun üçün 2858 addım və ya 29 dəqiqə gəzinti lazımdır.
Qızardılmış kartof ikinci yerdədir — təxminən 190 kalori, 3572 addım və ya 36 dəqiqəlik gəzinti tələb olunur.
Ən çətin yandırılan yemək isə içlik (dolma içliyi) olub. Bir porsiyada təxminən 356 kalori var və onları yandırmaq üçün 6693 addım və ya təxminən 67 dəqiqə gəzinti lazımdır.
Tədqiqatçılar qeyd ediblər ki, bu hesablamalar sabit porsiya ölçüsünə əsaslanır, yəni porsiya böyüdükcə daha çox gəzinti tələb olunacaq.
Gəzintinin faydaları
Səhiyyə mütəxəssisləri uzun müddətdir ki, gündəlik addım sayının artırılmasının ürək sağlamlığını yaxşılaşdırdığını, çəki itirməyə kömək etdiyini və psixoloji rifahı artırdığını bildirirlər. Gündə 10 000 addım isə tez-tez məşhur bir hədəf kimi göstərilir.
İmran









