Bakıdakı universitetlər bu şəhərlərə köçürülə bilər – SİYAHI

Bakıdakı universitetlər bu şəhərlərə köçürülə bilər – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin sayı hər il dəyişir.

2026-cı ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 3148 abituriyent 600 və daha yüksək bal toplayıb. Beləliklə, ötən illə müqayisədə yüksək nəticə göstərənlərin sayı 85 nəfər və ya 2,6 faiz azalıb. Bununla belə, cari ilin göstəricisi 2024-cü illə müqayisədə 72 nəfər çoxdur.

DİM sədri Məleykə Abbaszadənin açıqlamasına görə, 2026-cı ildə yüksək nəticə göstərən 3148 abituriyentin 1811-i regionlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarıdır. Bu, yüksək bal toplayanların təxminən 57,5 faizinin region məktəblərini təmsil etdiyini göstərir.

Eyni zamanda, bu il Prezident təqaüdünə namizəd olan 102 gəncin 54-ü region məktəblərinin, o cümlədən 15-i kənd və qəsəbə məktəblərinin məzunudur. Dörd nəfər isə keçmiş məcburi köçkün rayonlarına aid məktəbləri təmsil edir.

Ümumilikdə, son üç ilin göstəriciləri 600 və daha yüksək bal toplayan abituriyentlərin sayının əvvəlcə artdığını, 2026-cı ildə isə müəyyən qədər azaldığını göstərir. Bununla yanaşı, region məktəblərinin məzunları da yüksək nəticə göstərənlər arasında mühüm yer tutur.

Göründüyü kimi, rayonlar boşalır, məzunlar Bakıya axışır.

Bu mövzuda Tribuna.az-a danışan Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu hesab edir ki, universitetlərin Bakıdan köçürülməsi çıxış yollarından biridir.

Onun sözlərinə görə, bu, həm bölgələrin inkişafını sürətləndirər, həm paytaxtın yükünü azaldar:

“Məzunların Bakıya axın etməsi təbii ki, onların böyük şəhərə gəlib inkişaf etmək istəyindən irəli gəlir. Amma hazırda rayonlarla paytaxt arasında kommunikasiya, infrastruktur baxımdan böyük fərq qalmayıb. Yəni tələbə adını qazananlar yaşadığı şəhərin universitetində oxuya bilər, yaxud başqa şəhərə oxumağa gedə bilər. Məsələn, Qarabağda universitetlərin sayını artırmaq lazımdır. Həmçinin Bakıdan bəzi universitetləri çıxarıb Mingəçevir, Hacıqabul, Şirvan, Şamaxı, Salyan, Ağdam, Şuşa, habelə Quba, İsmayıllı və başqa bölgələrə köçürmək olar”.

Həsən Ağa