Bakı və Moskva metroları dayandı

Bakı və Moskva metroları dayandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva metrosunun “Sokolniçeskaya” xəttində qatarların hərəkətində ciddi fasilə yaranıb.

Tribuna.az TASS-a istinadən xəbər verir ki, paytaxtın nəqliyyat departamenti və metropoliten rəhbərliyi insidentin texniki nasazlıq səbəbindən baş verdiyini açıqlayıb.

Moskva Metropoliteni rəisinin müavini Yuliya Temnikova bildirib ki, bəzi media kanallarında yayılan “qatarın relsdən çıxması” barədə xəbərlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, “Sokolniki” – “Park Kulturı” xətdində hərəkətin dayanmasına əsl səbəb qatarın üçüncü vaqonunda yaranmış texniki nasazlıqdır.

Qeyd olunub ki, həmin qatar istehsalçı şirkətin servis xidmətində olub.

Hadisə zamanı sərnişinlərin təhlükəsizliyinə heç bir təhdid yaranmayıb və xəsarət alan olmayıb. Metropoliten əməkdaşları sərnişinlərin qatardan təxliyə edilərək stansiyaya çatdırılmasına kömək ediblər. Hazırda mütəxəssislər hərəkətin bərpası istiqamətində işləri davam etdirirlər.

Sərnişinlərin daşınmasını təmin etmək məqsədilə “Çerkizovskaya” və “Komsomolskaya” stansiyaları arasında pulsuz “KM” avtobusları xəttə buraxılıb. Digər metro xətləri və yerüstü nəqliyyat vasitələri ştat rejimində fəaliyyət göstərir.

Qeyd edək ki, bu gün “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında da sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə Tribuna.az–a səhmdar cəmiyyətdən bildirilib.

İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.

“Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür. Metropolitenin fəaliyyəti yaxın bir saat ərzində bərpa ediləcək.Əlavə məlumat veriləcək”, – məlumatda qeyd olunub.