Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər. Maraqlıdır, bu məhduduyyətin aradan qaldırılması ilə Azərbaycanın 6 ildir bağlı olan digər bütün quru sərhədlərinin də açılması reallaşa bilərmi?
Mövzu ilə bağlı Tribuna.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, nəhayət qatarlar işləməyə başlayacaqsa, deməli, məhdudiyyətlərin də bir qismi aradan qalxacaq. Deputat əlavə edib ki, sərnişin qatarlarının yenidən bərpası olduqca önəmli addımdır:
“İki ölkə arasında qatarların işləməsi, xüsusilə Gürcüstanda yaşayan soydaşlarımız üçün çox vacib idi. Onlar quru sərhədlərinin bağlı olmasından çox sıxıntı çəkirdilər. Yaxınlarının xeyir və şərinə gedə bilmirdilər. Bununla bağlı dəfələrlə müraciətlər də edirdilər ki, heç olmasa yaşlılara quru sərhədlərlə gedib-gəlmək imkanı yaradılsın.
Artıq qatar səfərləri bərpa olunandan sonra Gürcüstana yönəlik bəzi məhdudiyyətlər götürülməlidir ki, insanlar sərbəst hərəkət edə bilsinlər. Bu həm turizmin inkişafı üçün də vacibdir”.
Nigar İxtiyarqızı









